Şagirdlər onlayn tədrisə qayıtdı – İlk gün hansı problemlərlə yadda qaldı?

15:12 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiyanın özü ilə gətirdiyi yeni dünya düzəninin bir hissəsi də təhsillə bağlı dəyişikliklər oldu. Belə ki, hazırda bir sıra ölkələrdə təhsil ənənəvi deyil, distant formada həyata keçirilir. Elə bizdə də, bu gündən etibarən yenidən tədrisin online şəkildə davam etdirilməsinə başlanıldı.

Ölkəmizdə bu sistem daha əvvəl həftədə 2-3 dəfə olmaqla tətbiq edilirdi və vəziyyət elə də ürək açan deyildi. İndi isə, distant təhsil həftədə 5 dəfə olmaqla tədris edilir. Cəbhədə yaranmış vəziyyəti, xüsusən də həmin ərazilərdəki internet problemlərini nəzərə alsaq deyə bilərik ki, indi durum daha da qəlizləşib. Bəs görəsən yaranmış problemlərin aradan qaldırlıması üçün nələri etmək olar? Uzaqdan təhsil bizi təhsildən uzaqlaşdırmır?

Bu suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı mütəxəssislərə müraciət etdi.

İlk olaraq saytımıza, Təhsil Eksperti Elçin Əfəndi danışdı. O dedi ki, distant təhsil bu gündən etibarən yenidən start götürdü, amma təəssüflər olsun ki, hazırki vəziyyət heç də ürəkaçan deyil:

“Xüsusən də cəbhəyanı bölgələrə nəzər salsaq görərik ki, burada online dərslərə qoşulma ilə bağlı böyük problem var. Demək olar ki uşaqlar dərsə qoşulub, tədris ala bilmirlər. Bir evdən iki və daha çox uşaq, üstəlik də eyni vaxtda sistemə qoşulursa bu zaman da internetdə sıxıntı yaranır. Problemin həlli olaraq, növbələşmə isə hələki nəzərdə tutulmur. Yalnız hər kəs əvvəlcədən təyin edilmiş səhər yaxud günorta növbəsində dərsinə davam edə bilər. Bu da istənilən halda gözləntiləri doğrultmur”.

Ekspert söylədi ki, müharibədən əvvəlki dövrə nəzər salsaq, indi, vəziyyət daha da ağırlaşıb. O zaman müəyyən qədər çətinlik az idisə, hazırda əksinə, internetin vəziyyəti ilə bağlı daha da pisləşib:

“Yaranmış problemlərin aradan qaldırılması üçün, hər hansısa bir tədbir görmək mümkün deyil. Ölkə başçısı söyləmişdi ki, 1-ci baza döyüş əməliyyatları başa çatmadan internetdəki məhdudiyyətlər aradan götürülməyəcək. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların normal şəkildə distant təhsilə qoşulmaları üçün isə, həmin məhdudiyyətlərin götürülməsi lazımdır. Elə bununla əlaqədar bir neçə gün öncə Təhsil Naziri Emin Əmrullayev də öz çıxışında bildirmişdi ki, “biz internetlə bağlı olan və digər problemləri bilirik” ”.

E.Əfəndi təəssüf hissi ilə vurğuladı ki, artıq online dərslərə qoşulmaq üçün şagirdlərdə də, həvəs qalmayıb:

“Biz səhər ümumi bir analiz etdik və gördük ki, ali təhsil müəsisələrinin tələbələri dərsə qoşulmalı olduqları bir vaxtda, sosial şəbəkələrdədirlər. Artıq insanların özündə belə distant təhsil almağa maraq azalıb. Yaranmış vəziyyəti nəzərə alsaq deyə bilərəm ki, hazırda bizim verdiyimiz təhsil sadəcə formal xarakter daşıyır”.

Ekspert Kamran Əsədov isə söylədi ki, hazırda distant təhsil zəruridir, lakin sistem bir qədər təkmilləşdirilməlidir:

“Mart ayından etibarən Azərbaycan təhsili, məcburi olaraq yeni bir formaya keçid etdi. Ona görə məcburi ki, təhsil öz ətrafında 2 milyondan çox insanı birləşdirir, pandemiya dövründə isə, bu qədər insanın aktiv hərəkətinə icazə vermək, yoluxmanın kəskin şəkildə artmasına gətirib çıxarda bilərdi. Həmin dövr üçün ən yaxşı alternativ forma, məsafədən təhsildir. Ancaq bu yeni tədris ili üçün məqbul hesab edilə bilməz, çünki biz artıq pandemiya dövründə davranış qaydalarından məlumatlıylıq. Nazirlər Kobinetinin müvəqqəti qərarı ilə Azərbaycanda 15-sentyabrda təhsil bərpa edilsə də, yoluxmaların sayındakı kəskin artım tam şəkildə tədrisi həyata keçirməyə imkan vermədi”.

Mütəxəssis bildirdi ki, bu müddət ərzində Təhsil Nazirliyi özümüzün milli proqramlarımızı həyata keçirməli olsa da belə edilmədi:

“Məlumdur ki, 27 sentyabrdan etibarən, ölkəmizdə müharibə şəraitidir və internetin verilməsində məhdudiyyətlər var. Əgər biz, özümüzün milli proqramımızı yaratsaydıq, internet verilməsində hər hansı məhdudiyyət olsa belə təhsil alan vətəndaş bu proqramdan istifadə edə bilərdi. Hal-hazırda Azərbaycanda internetdə yaranmış problem təhsilin vəziyyətinə ciddi şəkildə təsir edir”.

K.Əsədov onu da qeyd etdi ki, bu gündən etibarən distant təhsil bərpa edilsə də, cəbhəyanı bölgələrdə, eləcə də düşmən təxribatından zərər şəkmiş digər rayonlarımızda yaşayan şagirdlər həm psixoloji, həm də fiziki olaraq bu tədris  prosesində iştiraka hazır deyillər. Problemin həlli üçün isə, müxtəlif təkliflər etmək olar:

“Etiraf edək ki, bu gün ölkədə online təhsil həyata keçirilsə də, bununla bağlı hər hansı qanun layihəsi qəbul edilməyib. Yaxşı olardı ki, dərsliklər sadələşdirilsin, müəllimlərin köməyi olmadan şagird dərsi mənimsəyə bilsin. Bundan əlavə dərslərin formatı dəyişdirilməlidir. Biz şagirdlərin hər birini pulsuz internet və planşetlərlə təmin etməliyik. Məcburi tələb olmadığı üçün şagirdlərin özlərində də, online təhsilə qoşulmağa maraq yoxdur. Şagird dərsdə iştirak etsə də, etməsə də, bir sinifdən digərinə keçəcək. Məktəbdaxili qiymətləndirmədə yaxud da digər qərarlarda sərt dəyişiklik edilsə vəziyyət dəyişər. İndi yalnız Ali Təhsil Müəsisələrində, online dərslərdə, tələbələrin ən az  50%-in iştirakı tələbi qoyulub. Bir çox hallarda müəllimlər vəziyyətdən sui-istifadə edərək, interneti yaxud texnikli imkanların olmadığını bəhanə gətirirlər. Ona görə də, müəllimlərin də qarşısına müəyyən tələblər qoyulmalıdır ”.

Təhsil eksperti sonda təhsilin hazırkı vəziyyətinin qənaətbəxş olmadığını və ibtidai siniflərdə vəziyyətin daha da ağır olduğunu qeyd etdi:

“Hal-hazırda yuxarı siniflər hazırlıq kursları və repititor vasitəsi ilə keçilməyən dərsləri müəyyən qədər kompensasiya edə bilsə də, bu ibtidai siniflərdə belə deyil. Ölkəmizdə təkcə birinci sinifə 165000 şagird gedir. Onun yalnız 48000 nəfəri paytaxtın payına düşür, qalanları isə regionların. Bölgələrdə yaşayan şagirdlər daha çox texniki imkanklardan məhrumdur. Bundan əlavə birinci sinifə gedən uşaqlara online formada oxumaq-yazmaq öyrətmək demək olar ki mümkünsüzdür. Onlar qismən auditoriyada dərslərə cəlb edilməli idilər. Almaniyada tək ibtidai siniflərə mərhələli şəkildə təhsil həyata keçirilir. Biz də bu qaydalardan istifadə edə bilərdik. Bütün bunları nəzərə alaraq demək olar ki, bizdə hazırda bir çox şagird təhsildən məhrumdur”.

Elə biz də, postpandemiyanın tələblərini nəzərə alsaq deyə bilərik ki, distant təhsil hər nə qədər zəruri olsa da, effektivliyi aşağıdır. Uşaqlar bizim gələcəyimizdir, uğurlu və təməli möhkəm bir gələcək üçün isə, təhsil mütləqdir. Ümüd edirik ki, tezliklə tədris sistemində yaranmış bütün problemlər öz həllini tapar.

Banu Hüseynli