Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna təqdim olunan layihələrin ümumi dəyəri 399,4 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarəetmə heyətinin sədri Osman Xaliyev 2022-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
"2022-ci ildə fəaliyyətimizin əsas istiqamətlərini güzəştli kreditlər, dövlət təminatlarının verilməsi və cari kreditlərin subsidiyalaşdırılması təşkil edib", - o deyib.
Xaliyev, həmçinin, kreditlərin 70 faizinin bölgələrdə verildiyini qeyd edib. Bakının payına 17 faiz, Abşeronun payına isə 13 faiz düşüb.
Onun sözlərinə görə, investisiya layihələrinin əksəriyyəti istehsal, təkrar emal və kənd təsərrüfatı kimi sahələrlə bağlı olub.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 104,2 milyon manat güzəştli kredit ayrılıb. Bu məbləğ 2,71 min kiçik və orta sahibkarlıq layihəsini əhatə edib.