Sahibkarlıq subyektlərində 2001 yoxlama aparılıb

11:41 17.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ümumilikdə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində 2001 yoxlama aparılıb.

AQTA-dan hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yoxlamalardan 1396-sı planlı, 605-i plandankənardır. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4400 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlar əsasında 2,110,900 AZN məbləğində cərimə tətbiq edilib. 213 müəssisədə “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar  qəbul olunub. Məhdudlaşdırıcı qərarlardan 88-i ticarət obyektləri, 38–i ictimai iaşə müəssisəsi, 87-si istehsal müəssisələri və digər fəaliyyət sahələri barəsində olub.

AQTA-dan verilən məlumata görə, sözügedən dövrdə Agentlik tərəfindən 50,147 ədəd qida təhlükəsizliyi sertifikatı, 39,243 ədəd fitosanitar sertifikat və icazə sənədi, 10,800 ədəd baytarlıq sertifikatı və icazə sənədi verilib. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində məhv edilmiş məhsulların siyahısı isə belədir:

“206 ton ət və ət məhsulları, 28 ton balıq məhsulları, 665 ton və 13,748 dkl süd və süd məhsulları, 5,018 ədəd yumurta, 615 dekalitr alkoqollu və 18,045 dekalitr alkoqolsuz içkilər, 123 ton və 36 dekalitr tamlı məhsullar qrupuna aid digər məhsullar, 240 ton şəkər, bal və şəkərli qənnadı məmulatları, 32 ton un və un məmulatları, 60 ton və 37 dekalitr mayonez və yağ məhsulları, 22 ton dənli-paxlalı bitkilərdən məhsullar, 317 ton meyvə və tərəvəz məhsulları, 6 ton, 2 dekalitr və 74,961 ədəd qida əlavələri, 8 ton kulinariya məmulatları, 20 baş  iribuynuzlu və xırdabuynuzlu heyvan, 3 ton və 41 dekalitr baytarlıq preparatları, 949 kq taxıl, 106 ton meyvə və tərəvəz, 109 ədəd üzüm tingi”.