Seçim zamanı dayənin psixoloji vəziyyətini bilmək əsasdır - Psixoloq

16:03 16.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Söhbət balacaların həyatından gedirsə dəfələrlə götür-qoy etməkdə fayda var. Unutmayaq ki, azyaşlıların düzgün və sağlam inkişafı hər şeydən vacibdir. Elə həmsöhbətimiz psixoloq Nərmin Vəliyeva da bu fikirdədir. O, söyləyir ki, uşaqların düzgün inkişafında dayələrin çox mühüm rolu var. Ona görə də dayələrlə bağlı doğru seçim etmək çox önəmlidir:

“Hər ailənin xüsusi mühiti var. Seçim zamanı ilk növbədə buna uyğun dayəyə üstünlük vermək lazımdır. Din və dil amili də burada xüsusi rol oynayır”.

Psixoloq burada bir məqamı xüsusi vurğuladı. Belə ki, dayəni uşağa pul qarşılığında baxan şəxs kimi görmək olduqca yanlışdır:

“Hər insan dayə ola bilməz. Seçim zamanı mütləq şəkildə dayənin psixoloji vıziyyətini bilmək əsasdır. Əgər dayə sinirlərinə hakim ola bilmirsə, hər hansı bu kimi psixoloji problemi varsa o övladımıza istədiyimiz tərbiyəni verə bilməyəcək. Yaxşı olardı ki, valideynlər dayəni pul qarşılığında uşağa baxan şəxs kimi görməsinlər. Dayəni övladlarının gələcək hıyatında və karyerasında rol sahibi olan şəxs kimi dəyərləndirsinlər. Daha sonra buna savadı və psixoloji vəziyyəti ilə uyğun variantlar seçilsin. Uşaq müəyyən yaşlara gəlibsə artıq onların da fikirlərini öyrənmək lazımdır”.

İşə psixoloji cətdən yanaşdıq, qaldı tədrisə verdiyi tövhələri… Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, bu gün təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dayə anlayışı olduqca yersizdir:

“Dayə anlayışı Azərbaycan təhsilində yenidir. Vaxtı ilə olub, hətta Fransadan dayələr gətirilib. Hesab edirəm ki, müasir təhsil üçün dayə anlayışı köhnəlib. Təhsil qanununda da yazılıb, "Təhsilin başlıca vəzifəsi vətəndaş yetişdirməkdir". Savadlı adam yetişdirmək deyil. Bu özü də vətəndaş yetişdirmək üçün bir vasitədir. Bunun üçün xüsusi dayə tutmağa nə ehtiyac var? Fikrimcə təhsilə keyfiyyət gətirmək üçün dayəyə ehtiyac yoxdur. Bu gün təhsil üçün önə çıxan məsələ burada valideynin roludur. Hesab edirəm ki, bu nöqteyi nəzərdən dövlət valideyni maddi cəhətdən mükafatlandırmalıdır”.

İstər qohum-qonşunun tövsiyyəsi ilə, istərsə də profisyonal yollarla dayə seçimi edilsin, burada əsas məqam tərəflər arasında güvənin olmasıdır. Övladlarınızın sağlam gələcəyi naminə ən xərda detallara qədər araşdırmaq lazımdır ki, nəhayətində düzgün qərar verəsiniz.