“Sədərək” ticarət mərkəzindəki yanğında 26 nəfər tüstüdən zəhərlənib - FOTOLAR

13:36 05.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı xəbər vermişdik. Fövqəladə Hallar Nazirliyi dünən yanğınla bağlı məlumatlarında göstərilir ki, ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

Hafta.az-ın əməkdaşı sözügedən ərazidə olub. Yanğın yerindən fotoları təqdim edirik: 

Bu arada, Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti açıqlama yayıb.

Hafta.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də saat 16:29-da “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 25 texnikası, 120 nəfərlik şəxsi heyətdən ibarət yanğın bölmələri hadisə yerinə cəlb olunub.

“2-ci çağırış”la hadisə yerinə yanğısöndürənlərlə bərabər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 43 nəfər şəxsi heyəti və 7 texnikası cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1600 m2 olan müxtəlif təyinatlı sənaye malları anbarının yanar konstruksiyaları və içərisindəki mallar 900 m2 sahədə yanıb. Yanğından anbarın qalan hissəsi və bitişik anbarlar mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 19:43 dəqiqədə məhdudlaşdırılıb və saat 23:30-da söndürülüb. Yanğın zamanı 16-si FHN əməkdaşı olmaqla 26 nəfər tüstüdən zəhərlənib. Onlardan 17 nəfər (12 nəfər FHN əməkdaşı, 4 nəfər polis, 1 nəfər tibb işçisi) Respublika Toksikologiya Mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 9 nəfərə yerində (“Sədərək” ticarət mərkəzinin ərazisində) tibbi yardım göstərilib.

"Sədərək" ticarət mərkəzində baş vermiş yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub. Bu barədə hafta.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, onlardan 6-na yerində yardım edilib, 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. Qeyd olunub ki, 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır: "Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda bu hadisə ilə bağlı xəstəxanada xəstə yoxdur".