Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, terror aktının baş verməsi ölkə ictimaiyyətində və dünyada böyük rezonans doğurdu. Terror aktı nəticəsində səfirliyimizin bir əməkdaşı həlak oldu, ikisi isə yaralandı. Bu olayın üstündən heç bir saat keçməmiş İran rəsmiləri ağıllarda bir çox suallar yaradan açıqlamaları ilə yadda qaldılar. Əslində silahlı hücumun təşkilində əsas məsuliyyət İran dövlətinin üzərindədir. Çünki, hər bir ölkə ərazisindəki diplomatik korpusların təhlükəsizliyini ən ciddi şəkildə təmin etməyə borcludur və bu onun beynəlxalq hüquqla üzərinə götürdüyü əsas vəzifələrdən biridir.
İndi isə, İran rəsmilərinin yalanlarını ifşa edən faktlara diqqət yetirək.
Öncə onu bildirək ki, Azərbaycan səfirliyində törədilən terror aktı ilə bağlı İran hakimiyyətinin “hərtərəfli araşdırması” yalan bəyanatlarla başladı. Tehran polisinin açıqlamaları hadisənin təfərrüatlarını göz önünə sərən videolarla dərhal ifşa olundu.
Diplomatik missiyaya hücumdan sonra elə ilk saatda Tehran polisinin rəhbəri Hüseyn Rəhimi hücumu törədənin “şəxsi və ailə motivləri" ilə bu terror aktına əl atdığını, həmçinin silahlı şəxsin səfirliyiə iki azyaşlı uşağı ilə gəldiyini bəyan etdi. İddialara görə, o, səfirliyə həyat yoldaşı üçün gəlib.
Bundan dərhal sonra səfirlikdəki və onun qarşısındakı müşahidə kameralarından Tehranın baş polis zabitinin sözlərini təkzib edən videolar yayımlandı. Diplomatik nümayəndəliyin daxilində terror aktı anını lentə alan ən dəhşətli kadrlarda yaraqlının binaya tək girdiyi aydın görünür. Onun cinayət yerinə gəldiyini əks etdirən görüntülərdə isə terrorçunun avtomobili görünür. Həmin avtomobildə hansısa əlavə sərnişin yoxdur. Buradan da belə qənaətə gəlmək mümkündür ki, terror aktını törədən şəxs əvvəldən təkbaşına hərəkət edib.
İkinci rəzillik isə, saxlanılan terrorçudan alınan "ifadənin" detalları idi. Hansı ki, elə bu detallar Tehran polisinin əvvəlki açıqlamasını da təkzib edir. Terrorçunun dediklərinə görə, həyat yoldaşı guya ötən ilin yazından Azərbaycan səfirliyində olub. Bundan sonra xanımından hansısa xəbər ala bilməyib. Bu barədə Azərbaycan diplomatlarına mütəmadi müraciət edib, lakin cavab almayıb. Ona görə də bu gün o “Kalaşnikov” avtomatından istifadə etməklə "cavab tapmaq" qərarına gəlib.
Kadrlardan da silahlının avtomatdan peşəkarcasına istifadə etməyi bacardığını, soyuqqanlı qatil olduğunu görmək mümkündür. Deməli, qatilin planı tək "cavab tapmaq" yox, səfirlikdəki diplomatlarımız və onların ailə üzvülərin tamamilə qətlə yetirmək idi. Lakin bu plan diplomatik korpusun daxili mühafizəçilərinin peşəkarlığı və qəhrəmanlığı nəticəsində baş tutmadı.
Digər tərəfdən, terrorçunun səfirliyin xaricindəki İran polislərinin gözü qarşısında avtomobilindən silah götürərək binaya daxil olan zamana qədər zərərsizləşdirilməsi üçün də kifayət qədər zaman var idi. Lakin nədənsə, İran polisi silahına davranmır, terrorçunun binaya daxil olub mənfur terror aktını həyata keirtməsi üçün imkan yaradır.
Bu isə o deməkdir ki, terror aktı planı İran xüsusi xidmət orqanlarının birbaşa sifarişidir. Terrorçu ilə Tehran polisinin, xüsusi xidmət orqanlarının eyni komandada olduğu aydındır. Bu səbəbdən İranın olayı hərtərəfli şəkildə araşdıracağı, bu terror aktının əsas sifarişçilərinin müəyyənləşdiriləcəyinə dair vədləri heə də inandırıcı deyil. Axı İran özü-özünü necə ittiham etsin?
Digər maraqlı bir məqam.
Azərbaycan səfirliyinə silahlı hücumdan dərhal sonra verdiyi yalançı açıqlamaları ilə Tehran rejimini çətin duruma salan paytaxt polisinin rəisi dərhal vəzifəsindən kənarlaşdırılıb. Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhiminin vəzifəsindən azad edilməsi ilə bağlı İran polis rəisi Əhməd Rza Radan göstəriş verib. Bildirilib ki, Abbas Əli Məhəmmədian Tehranın yeni polis rəisi təyin olunub. S.H.Rəhimi isə İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Göründüyü kimi, İrah hakimiyyəti artıq Tehranın keçmiş polis rəisini hədəfdən çıxartmağa, gözdən uzaqlaşdırmağa çalışır. Təzadlar bir-birini əvəz etməkdədir. Bu cür addımlar isə səfirliyimizə terror hücumunun arxasında elə İran dövlətinin dayanması ilə bağlı iddiaları daha da gücləndirir.