“Baş verənlər onu göstərdi ki, Fransa və Böyük Britaniyadakı səfirliyimizə hücumdan fərqli olaraq Tehrandakı səfirliyimizin mühafizəçiləri hücumun qarşısında ləyəqatlə dayanaraq öz canları bahasına səfirliyimizi qoruyublar. Səfirliyimizin qorunması zamanı şəhid olmuş Orxan Əsgərova Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm”.
Bunu hafta.az-a açıqlamasında AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov deyib.
R.Bayramov qeyd edib ki, beyəlxaq qanunlara görə xarici ölkə səfirliklərinin və konsulluqlarının qorunması ilk növbədə onların yerləşdiyi ölkənin rəsmi qurumlarının öhdəliyidir. O, bu əsasla hesab edir ki, terror hücumunun arxasında kimin dayanmasından asılı olmayaraq baş verənlərə görə məsuliyyəti rəsmi Tehran daşıyır”.
Politoloq eyni zamanda İran-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqları olan qüvvələrin kifayət qədər çox olduğunu deyib.
“Çünki İran adlanan dövlətin istər müsəlman, istərsə də xristian ölkələrinin böyük əksəriyyəti ilə problemi var və bu ölkələrdən hər biri Azərbaycanın da İrana qarşı dayanmasını istəyir. Problemlərin dərinləşməsində ən çox maraqlı olan tərəf isə Ermənistandır. Ağaların dığa sevgisinin daimi olması üçün Ermənistan Azərbaycanla İran arasında münasibətlərdə daim gərginlik olmasında maraqlıdır.
Məsələ ondadır ki, Tehrandakı səfirliyimizə hücuma ayrı-ayrı dövlətlərinin maraqları kontekstindən deyil, məhz elə İranın özünün davranışları kontekstindən baxmaq məcburiyyətindəyik. Başqa sözlə desək, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum uzun müddətdir ki, İranın rəsmi dairələri və kütləvi informaisya vasitələri tərəfindən Azərbaycan əleyhinə aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”.
R.Bayramov Tehrandakı olayla, Fransa və Böyük Britaniyadakı səfirliklərimizə edilən hücumun müqaisəsini apararkən müəyyən nüansların üzərində dayanıb. O, bildirib ki, Fransada səfirliyimizə edilən hücum birbaşa erməni separatçıları və revanşistləri tərəfindən həyata keçirilib, Böyük Britaniyadakı səfirliyimizə hücumun da arxasında İran Xüsusi Xidmət orqanlarına bağlı dini radikal qrupun dayandığı məlumdur.
“Mən tamamilə əminəm ki, Tehran səfirliyimizə hücumun da arxasında İranın ayrı-ayrı xüsusi xidmət orqanları dayanır. Çünki İran kimi totalitar dövlətlərdə kiminsə özbaşına bu cür terror hücumu təşkil etməsi inandırıcı deyil. İstənilən halda baş verən terror aktı ciddi araşdırma tələb edir. Terror hücumunu həyata keçirən şəxsin saxlanılması da İranı məsuliyyətdən azad etmir”.