Şəhriyardan Aronyana cavab: Məncə, sifarişli gediş etdin

22:19 18.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da erməni şahmatçı Levon Aronyanın təxribatçı fikirlərinə cavab verib.

Hafta.az xəbər verir ki, beynəlxalq qrosmeyster bununla bağlı özünün feysbuk səhifəsində paylaşım edib.

"Levon, mən məhz düzünü yazmaq istəyirəm! Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.

Birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları paralel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və bunu imkan verməz.

Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə, yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.

Levon, bilirsən ki, uzun illərdir ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərvərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyi”ni nümayiş etdirdi: canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Bayrağını yandırmaqla. Bax, bu, əsl vəhşilikdir!

Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda ABŞ-a qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq ABŞ-a getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlı, o cümlədən mənim valideynlərim 30 il əvvəl doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə doğma yurdlarından qaçqın düşüb.

Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm, yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.

Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə, sifarişli “gediş” etdin”.