“Son günlər Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsində məskunlaşmış ermənilərin separatçı-revanşist qruplarının ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatçı aksiyalarının birbaşa Kreml tərəfindən hazırlanıb idarə olunmasına şübhə yoxdur”.
Bu fikirləri hafta.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Separatçıların aksiyaları Azərbaycanın beynəlxalq qanunlara tam uyğun olaraq və haqlı olaraq Ermənistanla dövlət sərhədində- Laçın rayonundakı Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurmasına etirazla əlaqələndirsə də, əslində burada əsas məqsəd dövlətimizi beynəlxalq ictimaiyyətin gözündən salmaq və onu Qərbin sanksiyaları altında qoymaq cəhdidir. Bunu da Rusiya təşkil edir. Təbii ki, bundan bəzi Qərb ölkələri də öz məqsədləri üçün istifadə edə bilər. Lakin öncə qeyd etdiyim kimi, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasında və oradan xarici vətəndaş (yəni Ermənistan) pasportuyla keçən ermənilərin və onların avtomobillərinin, yüklərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur. Və bu, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa dövlətin və ya beynəlxalq təşkilatın Azərbaycana qarşı hər hansı təzyiqlər etməsinə heç cür əsas verə bilməz”,- deyə analitik vurğulayıb.