Separatçıya qucaq açıb, günahsız miqrantları dənizə atanlar 

12:25 23.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

May ayının 17-də belə bir xəbər yayıldı ki, İspaniya hökuməti Mərakeş ərazilərindən dəniz yoluyla bu ölkənin torpaqlarına keçmiş 8 min qaçqının və ya miqrantın yarısını geri qaytarıb, qalanlarını da qısa vaxtda göndərəcək. Özü də necə, onları itələyərək dənizə atıb, “rədd olun hardan gəlmisiniz, ora” deyərək. Eynilə Yunanıstanın etdiyi kimi, beynəlxalq qanunlara zidd şəkildə insanların yaşamaq və yerdəyişmə hüququnu tapdayırlar.

Amma çox qəribədir ki, bu vəhşiliyin müqabilində yenə də haqlı İspaniyadır (eləcə də Yunanıstan), çünki onların arxasında dayanan və etdikləri hər hərəkətə stimul verən xristian klubu – Avropa İttifaqı var. Bəs İspaniyanın miqrantlardan istifadə edərək Mərakeşi suçlamasının əsas məqsədi nədir? Bəlkə hazırda Mərakeşin şimal sahillərindəki Seuta şəhərinin statusundan qaynaqlanır bu problem? Mümkündür, axı ötən həftələrdə siyasi müstəvidə də Mərakeşin ziddinə addımlar atmışdı Madrid hökuməti.

Bu yerdə qeyd edim ki, Qərb ölkələrinin separatçı rejimlərə dəstək verərək, dünya birliyi tərəfindən tanınmış dövlətlərin ərazi bütövlüyünə, qanun-qaydalarına hörmətsizlik etməsi adi hal alıb. Dünənədək Dağlıq Qarabağda mövcud olan separatçı rejimi dəstəkləyən, ikigündənbir paytaxtlarında ən üst səviyyələrdə qəbul edən Qərb dairələri, bu gün də eyni hərəkəti cənub qonşuları Mərakeşə qarşı edir. İspaniya hökuməti üzdə özünü Mərakeşə dost göstərsə də, gizlində Qərbi Səhra separatçıları ilə əməkdaşlıq edir. Bu barədə söz açılanda təkzib edir, amma Polisario Cəbhəsinin Baş katibi İbrahim Qhalinin ötən həftələrdə qəfil İspaniyada görünməsi, hətta orada ən məşhur klinikaların birində müalicə olunması İspaniyanın xislətini üzə çıxarır.

Mərakeş Saxarasının Müdafiəsi və Dəstəklənməsi Komitəsinin üzvləri olan, üç min akademik, hüquqşünas, jurnalist və vətəndaş cəmiyyəti fəalının müraciətindən sonra İspaniya rəsmi dairələrinin daha bir sirri saxlaya bilməyəcəyi məlum olmuşdu. Geri addım ata bilməyən Madrid bundan sonra Mərakeşə qarşı fərqli müstəvidə cavab verməyə yollar arayıb. Nəhayət budur, Madrid hökuməti Mərakeşi miqrantların qanunsuz  şəkildə İspaniya ərazisinə keçməsinə şərait yaratmaqda ittiham edib. İspaniya ərazisi deyəndə ki, söhbət İspaniyanın Afrika ərazisində - Mərakeşin şimal sahilində yerləşən və əslində elə bu ölkənin ayrılmaz şəhəri olan Seutadan gedir.

Bu yerdə qeyd edək ki, İspaniya tərəfi etirazını bildirmək üçün Mərakeşin Madriddəki səfiri Karim Beniayçı Xarici İşlər Nazirliyinə dəvət edib. Əlbəttə, özünə qarşı qeyri-dost və ya xəyanətkar qonşu münasibəti görən Mərakeş hökuməti də İspaniyadakı səfirini məsləhətləşmək üçün Rabata çağırıb. Göründüyü kimi, diplomatik gərginliklə nümayiş olunan ikitərəfli vəziyyəti düzəltmək məqsədilə addımlar atmaq yerinə, durumu daha da ağırlaşdıracaq davranış sərgiləyən İspaniya tərəfi bütün müstəvilərdə Mərakeşi günahlandırmaqda davam edir. Eşidəndə ki, səfir Rabata çağrılıb, İspaniya Baş nazirinin birinci müavini Karmen Kalvo əlüstü daha bir ittiham səsləndirərək, Mərakeşin bu qərarından üzüldüklərini bildirib. Azərbaycanda bir məsəl var: oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Rəsmi Madrid heç bir diplomatik qaydaya sığmayan davranışını düzəltməkdənsə, bu haqsızlığa qarşı çıxan Mərakeşi suçlayır.

Dediyimiz kimi, səfir Beniayç İspaniya mətbuatına açıqlamasında deyib da ki, artıq Madridin ittihamedici münasibətini qəbul edə bilmirlər. Diplomatın sözlərinə görə, Mərakeş tərəfi olaraq hər dəfə xoş davranış, dost münasibəti göstərsələr də, İspaniya Krallığı bundan sui-istifadə edərək ittihamlarını bir az da artırır. Bunlardan biri də Polisario Cəbhəsinin baş katibi, Covid-19-a yoluxmuş İbrahim Qhalinin müalicə olunması üçün aprelin 22-də tam məxfi şəkildə ölkəyə gətirilməsi hadisəsidir. Özü də saxta sənədlərlə. Hazırda Əlcəzairdə məskunlaşan və bu ölkənin diplomatik pasportunu (Əlcəzairin verdiyi pasportda Qhalinin adı dəyişdirilərək Mohammed Benbattuş kimi yazılır) daşıyan Qhalinin İspaniyaya səfərinin Rabatda mütləq mənada xoş qarşılanmayacağını Madriddə hər kəs əla bilirdi. Elə isə İspaniyanı anti-Mərakeş mövqe tutmağa nə vadar edir, niyə təzyiqləri artırırlar?

Bu arada qeyd edim ki, Mərakeşlə İspaniya arasında ötən onilliklərdə yalnız dövlətlər deyil, eləcə də xalqlar arasında yaxşı əlaqələr olub. Amma rəsmi Madridin günahı üzündən bu gün vəziyyət o qədər pisləşib ki, mövcud durumdan faydalanan sağ görüşlü ispanlar Mərakeşə qarşı ayağa qalxıb. Sağçı ispanların, məndəki məlumata görə, Mərakeşin Madriddəki səfirliyinin önünündə piket keçirməsi, orada Mərakeşi guya Seuta şəhərini işğal etdiyi üçün hiddətlə suçlaması heç də təsadüfi deyil. Mərakeş artıq 30-40 il əvvəlki deyil - İspaniya qədər böyük və imkanlı dövlətdir. Mərakeşdə belə bir istəyin olmamasına baxmayaraq, bəlkə də ispanları Rabatın artıq Seutanı geri istəyə biləcəyi əndişəsi rahatsız edir. Son günlər mindən artıq polis və jandarmın, üç hərbi alayın və əlavə daha üç hərbi taburun Seutaya göndərilməsi də miqrantların qarşısının alınmasından daha çox Seutada möhkəmlənmək istəyindən irəli gəlir.  Hə, haqlıyam bu fikrə gəlməkdə, əks təqdirdə İspaniyanın Baş naziri Pedro Sançes tez-tələsik Parisə səfərini təxirə salıb Seuta və Melillaya getməz, hələ bu azmış kimi, Avropa İttifaqından da İspaniyanın ərazi bütövlüyüy toxunulmazlığına dəstək təminatı almazdı.

Artıq müstəmləkəçilik dövrünün ötən əsrdə başa çatdığını anlamalıdır Qərb dairələri. Azərbaycan Qarabağı geri qaytardığı, qardaş Türkiyənin regionda və xüsusilə də Aralıq dənizində haqlarını geri almağa başladığı kimi, Mərakeş də ondan zorla qoparılmış ərazilərini geri qaytarmaqda haqlıdır – Seutanı da, Melillanı da, hətta yeri gəlsə Kanar adalarını da. Əslində isə, yenə deyirəm, rəsmi Rabatda torpaq iddiası haqqında düşünmürlər. Amma Azərbaycanda bir məsəl var: xain xoflu olar. Əgər İspaniya indidən xoflanaraq cənub qonşusu ilə münasibətlərini pisləşdirirsə, səhv edir.

Hə, bayaq dediyim kimi, axı ötən əsrin ortalarınadək Mərakeş və ümumiyyətlə yerləşdiyi bölgə ispanların (həm də fransızların) müstəmləkəsi olub, 1952-ci ilin yazında isə bu torpaqları birdəfəlik itirib. Gündən-günə inkişaf edərək böyüyən Mərakeşlə bərabərhüquqlu qonşu statusu daşımaq yəqin alçaldır Madridi. Üstəlık, Qərbi Səhra torpaqlarının Mərakeşə birləşdirilməsi də ispanların siyasətinə uymur. Çünki bu torpaqlar yeraltı minerallarla zəngindir. Axı dünyanın ən iri fosfor yataqları əlindən çıxıb İspaniyanın. Bəlkə İspaniya Qərbi Səhranda oyuncaq dövlət qurmaqla yenidən orada öz varlığını bərpa etmək istəyirmiş, amma Mərakeş həmin bölgəni öz ərazisinə birləşdirdiyi üçün bu arzu da puç olub. Bu da məntiqlidir, yoxsa Madridin nəyinə gərək idi Mərakeş kimi iri dövlətlə münasibətlərini bir kənara qoyub, Polisario kimi separatçı təşkilatla – rejimlə yaxınlıq etmək? Ən yaxşısı, yaşayarıq, görərik əsl məqsədlərin nə olduğunu.