Sərsəng su anbarında son durum - MƏHV OLMAQ ÜZRƏDİR

19:38 18.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalmış və separatçı-terrorçu erməni rejiminin 30 il ərzində qanunsuz istismar etdiyi Sərsəng su anbarında vəziyyət çox  kritik duruma çatıb. Bundan öncə dəfələrlə su anbarında suyun səviyyəsinin həddindən artıq aşağı düşməsinin günahını Azərbaycan dövlətinin üzərinə yıxmağa çalışan kriminal xunta artıq bu su hövzəsinin daxilində və ətrafındakı flora və faunanın ciddi təhlükə altında olduğunu etiraf etməkdədir.

Hafta.az xəbər verir ki, erməni mediasının yazdığına görə, separatçı rejimin qanunsuz “təbiəti mühafizə komitəsi” bu mövzuda məlumat yayıb.

Məlumatda deyilir:

“Sərsəng su anbarında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi də su faunasının və florasının məhv olması təhlükəsinə səbəb olub. Su anbarının sahillərində yaşayan və   Qırmızı Kitaba daxil edilmiş bəzi bitki və heyvan növləri təhlükə altındadır.

Su anbarının səviyyəsinin belə azalması sahilyanı ərazidə yeməli və ədviyyatlı (təxminən 125 növ), mellifer (təxminən 156 növ), dərman bitkiləri (35 növ) itkisi ilə bağlı ən ciddi risklərə səbəb olmuşdur. Bu bitki növləri ətraf mühitin və əhalinin həyat təminatının tərkib hissəsidir.

Artsax sularında yayılmış 17 balıq növünün 12 növü və ya 70,8%-i sahil zonasının sakinlərinin istifadə etdiyi Sərsəng su anbarında yaşayır. Suyun həcminin bu şəkildə azalması balıqların sıxlığının artmasına və nəticədə yem axtarış imkanlarının azalmasına və zəhərlənmə riskinin artmasına səbəb olub ki, bu da yaxın gələcəkdə böyük  balıqların kütləvi miqyasda tələf olmasına gətirib çıxaracaq”.

Bundan əlavə, məlumatda Sərsəng su anbarı ətrafında yaşayan bir sıra nadir quş və suda-quruda yaşayan heyvan növlərinin də təhlükə altında olduğu bildirilir.

Bu məlumatlarla tanış olacaq beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bəlkə bundan sonra Yuxarı Qarabağ torpaqlarının, o cümlədən Sərsəng su anbarının əsil hüquqi sahibinin, yəni Azərbaycan dövlətini nəzarətinə qaytarılmasının nə qədər zəruri olduğunu dərk edələr...