Ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığını azaltmaq üçün sərt iqtisadi siyasət yürüdən Səudiyyə Ərəbistanında son aylar dünyanın diqqətini çəkən futbol klublarının özəlləşdirilməsi yenidən gündəmdədir.
Hafta.az-ın “Arab News”a istinadən yazdığına görə, Səudiyyə Ərəbistanı hökuməti dördüncü rübdən etibarən ölkədəki bəzi idman klublarının özəlləşdirilməsinə icazə verəcək.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hazırladığı plana görə, ölkədəki idman klubları mülkiyyət strukturunda dəyişiklik müqabilində böyük şirkətlərdən və inkişaf agentliklərindən investisiya qəbul edə biləcək.
2023-cü ilin son rübündə həyata keçiriləcək planın yalnız bəzi klubların özəlləşdirilməsi üçün istifadə ediləcəyi bildirilsə də, dəqiq neçə klubun özəlləşdiriləcəyi ilə bağlı məlumat paylaşılmayıb.
Səudiyyə Ərəbistanı dövlətinə məxsus idman klublarının özəlləşdirilməsi planı ilk dəfə 2016-cı ildə müzakirə edilib, lakin 2019-cu ilin əvvəlində planın hazır olması üçün bir neçə il lazım olduğu bildirilib.
Səudiyyə Ərəbistanı iqtisadiyyatının neftdən asılılığını azaltmaq və yeni sənaye sahələri yaratmaqla iqtisadiyyatı şaxələndirmək məqsədi daşıyan “Hədəf 2030” planının ən mühüm sütunlarından birinin futbol olacağı gözlənilir. Bu çərçivədə Səudiyyə Ərəbistanı Liqasına dünyaca məşhur ulduzları gətirməyi hədəfləyən klublar ilk olaraq Portuqaliya futbolunun əfsanəsi Kriştiano Ronaldonu “Əl Nassr” forması ilə geyindirməyə nail olublar.
Ronaldonun transferindən sonra Səudiyyənin digər klubu "Əl İttihad" "Real"ın fransalı hücumçusu Kərim Benzema ilə anlaşa bilib. Ulduz futbolçunun bir neçə gündən sonra Səudiyyə Ərəbistanı komandası ilə müqavilə imzalayacağı gözlənilir.
Paris Saint-Germain-dən ayrılan digər futbol əfsanəsi Lionel Messinin də Səudiyyə Ərəbistanı Liqasına transfer oluna biləcəyi iddiaları dünya mətbuatında öz yerini tapıb.
Məlumdur ki, Səudiyyə Ərəbistanı administrasiyası liqanın ümumi gəlirini 2030-cu ilə qədər 120 milyon dollardan 480 milyon dollara, liqanın bazar dəyərini isə 800 milyon dollardan 2,1 milyard dollara çatdırmağı hədəfləyir.
Digər tərəfdən, “Hədəf 2030”un mərkəzində olan Səudiyyə Ərəbistanı Ehtiyyat Fondunun (PIF) rəhbərlik etdiyi konsorsium 2021-ci ilin oktyabrında Premyer Liqa komandası “Newcastle United”i 415 milyon dollara satın alıb.