Səudiyyə Ərəbistanı Media Nazirliyinin beynəlxalq əlaqələr üzrə nazir müavini Xalid A.A. əl-Ğamdi Səudiyyə Krallığında səfərdə olan Azərbaycan jurnalist heyəti ilə görüşüb.
Hafta.az-ın yazdığına görə, nazir müavini qeyd edib ki, iki ölkə arasında media sahəsində əməkdaşlığı gücləndirmək lazımdır: "Təəssüf ki, ölkələrimizin media qurumları arasında əlaqələr zəifdir. İstərdik ki, əməkdaşlığımız ölkəmizə səfərlə məhdudlaşmasın, daha da inkişaf etsin. Biz gərək media sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində gələcəkdə atacağımız addımları müəyyənləşdirək, həm də televiziya və qəzet sahəsində əməkdaşlığı inkişaf etdirək. Həmçinin ümrə və həcc ziyarətlərində gediş-gəlişin təşkili sahəsində işlər görək. Çox istərdik ki, həcclə bsğlı qəbul etdiyimiz heyətlərin tərkibində jurnalistlər də olsun və bu mərasimləri işıqlandıraraq Azərbaycan auditoriyasına çatdırsın".

Nazif müavini qeyd edib ki, informasiya mübadiləsi sahəsində də əməkdaşlığı genişləndirmək vacibdir: "Bəzən bizim mediada məsələn, Azərbaycan-Ermənistan münasibətlərinə dair yanlış məlumatlar gedir. Azərbaycan səfiri Şahin Abdullayev bu haqda bizə məlumat verir və biz problemi aradan qaldırırıq. Aramızda birbaşa əlaqələr olmalıdır ki, belə səhvlər yaşanmasın".
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid azərbaycanlı jurnalistlərin Səudiyyə Ərəbistanına səfərinin təşkilinə görə minnətdarlığını bildirib, həmçinin keçirilən beynəlxalq mediaforumun əhəmiyyətindən söz açıb.
"Tədbirdə mediamızın qarşısında duran ən vacib məsələlərə diqqət yönəldilib. Sosial media, tik-tok kimi platformalar mediamızın qarşısında duran ən vacib məsələlərdir. Səfər çərçivəsində qatıldığımız mədəni tədbirlər və gəzdiyimiz tarixi yerlər bizdə ölkəniz haqda geniş təəssüratlar yaradıb. Sizin media sahəsində əməkdaşlığımıza dair təklifləriniz də çox təqdirəlayiqdir", - deyib R.Məcid.
Görüşün sonunda R.Məcid nazir müavininə Azərbaycan milli mədəniyyətini əks etdirən hədiyyə təqdim edib.