Səudiyyə Ərəbistanından Hindistana 1600 kilometrlik sualtı enerji kabel xətti çəkiləcək

10:30 24.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz Bin Salmanın oktyabrın 21-22-də Hindistana səfəri zamanı iki ölkə arasında 1600 kilometrlik sualtı enerji kabel xəttinin yaradılması layihəsi müzakirə olunub.

Hafta.az-ın “The Economic Times”a  istinadən yazdığına görə, adının çəkilməsini istəməyən Hindistan rəsmisi iki ölkənin sualtı elektrik kabelinin kommersiya baxımından sərfəli layihə olub-olmadığınının araşdırıldığını deyib.

Təxminən 15-18 milyard dollar sərmayə ilə həyata keçiriləcəyi təxmin edilən layihədə Birləşmiş Ərəb Əmirliklərinin də iştirak edə biləcəyini qeyd edən səlahiyyətlilər, xəttin qurulması üçün iki nöqtənin önə çıxdığını ifadə edib. Xətlərdən birincisinin 1600 kilometr məsafədə olan BƏƏ-nin Fuceyra Əmirliyi ilə Hindistanın Qucarat əyalətindəki Mundra limanı arasında olduğunu bildirən səlahiyyətlilər, ikinci xəttin Omanın şərqindən keçməsi üzərində durulduğunu və onun 1200 kilometr məsafədə uzanacağını deyiblər.

Təxminən 3 ilə yaxındır layihə üzrə texniki-iqtisadi əsaslandırmaların aparıldığını bildirən Hindistan rəsmiləri şahzadə Əbdüləziz bin Salmanın Hindistan səfəri zamanı bu məsələnin həmsöhbətlərlə müzakirə edildiyini, hətta Səudiyyə Ərəbistanının Dehlidəki səfiri Saleh Bin Eyd əl-Hüseyninin bəzi şirkətlərə görüşdə iştirak üçün dəvət göndərdiyini bildiriblər.

İkitərəfli enerji axınının planlaşdırıldığı layihəni qiymətləndirən Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun Gələcək İnvestisiya Təşəbbüsünün rəsmisi Anşuman Mişra Körfəz ölkələri ilə Hindistan arasındakı əməkdaşlığın tərəfləri dünya səhnəsində mərkəzə çevirəcəyini bildirib. Mişra əlavə edib ki, Səudiyyə Ərəbistanının alüminium, polad və tikinti materiallarına ehtiyacı olduğu halda, Hindistanın da ucuz enerji, neft və elektrik enerjisinə ehtiyacı var.

Səlahiyyətlilərə görə, şahzadə Əbdüləziz bin Salmanın görüşləri həm də vəliəhd şahzadə Məhəmməd bin Salmanın noyabrın 14-də Dehliyə səfəri zamanı müzakirə olunacaq mövzulara hazırlıq xarakteri daşıyır.

Vəliəhd noyabrın 15-də İndoneziyada keçiriləcək G20 toplantılarından əvvəl Hindistanda baş nazir Narendra Modi ilə görüşəcək.