Böyük Britaniyada kirayəçi səs-küy şikayətlərinə ev sahibinin məhəl qoymamasından sonra özünü öldürüb.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, krallığın ən böyük mənzil təminatçısı “Clarion”a məxsus sosial evlərdə qalan adı açıqlanmayan kirayəçinin binadakı səs-küylə bağlı 9 ayda 20 dəfə təşkilata şikayət etdiyi bildirilib.
Mənzil ombudsmanı Riçard Blakevay, kirayəçinin oxşar şikayətlərə görə iki dəfə intihara cəhd etdiyinə diqqət çəkərək, “Clarion”un qanunauyğun hərəkət etmədiyini və siyasətlərini nəzərdən keçirməsi lazım olduğunu söyləyib.
Xəbərdə paytaxt Londonda yaşayan kirayəçinin yuxarı mərtəbədən gələn səs-küyə görə evə səs izolyasiyası verilməsini şirkətdən tələb etdiyi yazılıb. Bildirilib ki, ilk şikayətlər 2020-ci ilin sonlarında başlayıb və kirayəçi yuxarı mərtəbədəki təmir və uşaq səslərindən narahat olduğunu bildirib. Nəticədə kirayəçi şirkətlə əlaqə saxlayıb, narahatlıq və depressiyadan əziyyət çəkdiyini, səs-küyün onu yorduğunu deyib.
Bildirilib ki, “Clarion” rəsmiləri 11 sentyabr 2021-ci ildə evdə səs sayğacı quraşdırıblar, lakin əlavə izolyasiya ilə bağlı heç bir addım atılmayıb.
Həmçinin, təşkilatdan bir şəxs kirayəçiyə səslərin normal səviyyədə olduğunu deyib və ona bildirib ki, Londonda sakit bir evdə yaşaya biləcəyini təsəvvür eləməsin.
Məlumata görə, hətta ərazidəki bir psixi sağlamlıq təşkilatı səs-küy səbəbiylə kirayəçinin psixi sağlamlığının pozulması barədə “Clarion”a məlumat verib.
9 aylıq şikayət və baxılma prosesinin sonunda kirayəçiyə problemlə bağlı əlavə addım atılmayacağı bildirilib. Bunun üzərinə kirayəçi intihar edib.
Qeyri-kommersiya təşkilatı olan “Clarion” Böyük Britaniyada 125 min sosial evə sahibdir. İllik gəliri 1 milyard funt-sterlinq olan şirkətin hadisə ilə bağlı verdiyi açıqlamada, "Təqdim etdiyimiz xidmətdəki bütün çatışmazlıqlara görə qeyd-şərtsiz üzr istəyirik. Baş verənlərin fərqindəyik, proses daha da yaxşılaşdırılmalıdır” deyilib.