Silahlı qüvvələrimiz Xankəndində patrul xidməti aparmalıdırlar - Telman Qasımov

18:39 05.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Erməni separatçıları Azərbaycan ərazilərində yerləşən mədənlərdən istifadə edir, təbii sərvətlərimizi talamaqla yanaşı ekologiyaya böyük  ziyanlar vururlar. Buna görə də Azərbaycan nümayəndə heyəti Qarabağda olub və sülhməramlıların rəhbərliyi ilə görüşərək ərazidə monitorinqin aparılması üçün razılığa gəliblər”.

Bunu hafta.az-a hərbi-siyasi ekspert Telman Qasımov dekabrın 3-də Şuşa-Xankəndi yolunda sülhməramlıların müvəqqəti nəzarət etdiyi sahədə yaranan tıxac, ermənilərin “Laçın Yolu bağlandı” isterikası, eləcə də Azərbaycan mədənlərinin erməni separatçıları tərəfindən istismarı ilə bağlı baş verən son olaylara münasibətində bildirib.

T.Qasımov qeyd edib ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycana məxsus mədənlər bu günə qədər də ermənilər tərəfindən istismar olunur.  O, hələ 2021-ci ildə qondarma rejimin rəhbəri Araik Arutunyan və Paşinyan arasında  keçirilən görüşdə Qarabağda mis-molibden mədənlərindən istifadə edərək rejimin büdcəsinə yüksək gəlirlərin gətirilməsi istiqamətdə işlərin görülməsi ilə bağlı Ermənistan mətbuatında rəsmi məlumatların getdiyini də bildirib.

“Ermənistan tərəfi inkar etsə də, 2021-ci ildə Ermənistan  mətbuatında rəsmi olaraq bununla bağlı məlumatlar getmişdi. Azərbaycan missiyasının ora getməsi ilə bağlı olaraq Görus və Xankəndi yolu bağlanıb, yolda  tıxac yaranıb. Ermənistan rəhbərliyi isə isterika göstərir və dünyaya car çəkiblər ki, “amandır gəlin qurtarın, Azərbaycan Laçın yolunu bağlayıb, insanlığa qarşı cinayət, beynəlxalq qanunlara uyğun olmayaraq qanunları pozub. Erməni xisləti yenə də özünü göstərdi. Təbii ki, bunlar hamısı yalandır. Guya bizimkilər tıxacda xəstələri Xankəndindən daşıyan təcili yardım maşınlarının qarşısını alıblar. Lakin ermənilər özləri də mətbuatda etiraf ediblər ki, yalnız təcili yardımlara yol verilib”.

T.Qasımov hesab edir ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə mədənlərin, yerüstü abidələrin monitorinqinin aparılması davamlı olmalıdır. O, bildirib ki, bütün əraziləri nəzarətə götürmək lazımdır, xüsusilə də Laçın yolunu.

“Ermənilər, anlamalıdırlar ki, bura Azərbaycan torpaqlarıdır və bizim qanunlara tabe olaraq hərəkət etməlidirlər. Azərbaycan silahlı qüvvələri Xankəndində yavaş-yavaş patrul xidməti aparmalıdırlar. Səhər ermənilər Xankəndinə yuxudan oyanan zaman üzərində Azərbaycan bayrağı olan hərbi-humanitar texnikalarını görməlidir.  10 noyabr anlaşmasına əsasən əli silahlı quldurlar ərazilərimizi tərk etməli, tərksilah olunmalıdır. Əks halda antiterror əməliyyatları keçirilib quldurları tərksilah etməliyik. Azərbaycan bütün ərazilərində nəzarəti öz əlinə almalıdır. Bu gün mülki əhalinin yenidən  öz ərazilərinə qaytarmaq çətin olacaq. Çünki birinci sülh bağlanmalıdır və xalqlar bir-birinə inteqrasiya olunmalıdır. Lakin hələlik Azərbaycan Daxili Qoşunları, sülhməramlılarla birgə oralarda monitorinq keçirməlidir. Azərbaycan monitorinq missiyası rus sülhməramlıları ilə birgə fəaliyyət göstərməlidirlər.  Rus sülhməramlılarının hərbi-texniki maşınları Xankəndiyə gedərkən onlarla birlikdə üzərində Azərbaycan bayraqları olan texnikalar da hərəkət etməlidir”.

Oxunma sayı 1541