Siqaretə, içkiyə xərclədiyimiz pullar

12:05 18.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin ilk 4 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 815.7 milyon manatlıq içki və tütün məmulatları satılıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında alıcılar pərakəndə ticarət şəbəkələrində ərzaq məhsullarına 8 milyard 643 milyon manat, avtomobil benzini və dizel yanacağına 927.1 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 399.5 milyon manat vəsait xərcləyib.

Qeyd edək ki, hesablamalara görə hazırda dünya əhalisinin təkcə 38 faizi spirtli içki qəbul edir. Nəticədə içənlərin payına 17 litr xalis spirt düşür. Son statistikaya görə, Avropa ölkələrindən Bosniya və Herseqovina yüzdə 8,7 ilə ev təsərrüfatlarının istehlak xərclərində spirtli içkilər, siqaret və tütünün ən yüksək payına sahib ölkədir. Ondan sonra 8,6 faizlə Serbiya və 8,4 faizlə Çexiya gəlir. Estoniya və Macarıstanda bu nisbət 8 faizdən yuxarıdır. Türkiyə bu siyahıda 37 Avropa ölkəsi arasında 32-ci yerdədir. Hollandiya siyahıda 3,5, Almaniya 3,5, Avstriya 3,6, Danimarka 3,6 və İsveçdə 3,7 faizlə qərarlaşıb. Ən aşağı göstərici 3 faizlə Portuqaliya və 3,2 faizlə İngiltərədir.

Yeri gəlmişkən, son illər azərbaycanlılar arasında da spirtli içki qəbul edənlərin və siqaret çəkənlərin sayı sürətlə artır. Bunu ölkə əhalisinin içki və tütün məmulatlarına xərclədikləri vəsaitlərin həcminin ilbəil artması da sübut edir. Tədqiqatlara görə, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkir. Siqaret çəkənlərin 14 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir. Araşdırmalara əsasən, ölkədəki kişilərin 31,9 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,2 faizi, 20-44 yaşlı kişilərin 26,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,8 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 32,3 olub.

Bəs, görəsən, azərbaycanlılar niyə çox içir və çəkir? Bunun səbəbi nədir? Əslində tütün və spirtli içkilərə xərclənən vəsait maksimum nə qədər olmalıdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Əyyub Kərimli bizimlə söhbətində xatırladıb ki, bu ilin ilk 4 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 815.7 milyon manatlıq içki və tütün məmulatları satılıb: “Bu digər ölkələrlə müqayisədə böyük bir rəqəmdir. Sözsüz ki, bu həm də ölkədən çıxan valyutadır. Hesab edirəm ki, bunun həm sosial, həm iqtisadi səbəbləri var. Iqtisadi səbəblərdən biri kimi qeyd etmək istəyirəm ki, bizdə tütün məmulatları və alkoqollu içkilər digər ölkələrlə müqayisədə daha ucuz satılır. Hazırda Azərbaycanda hər insana düşən alkoqol norması digər ölkələrdən 2 dəfə çoxdur. Bu təbii ki, arzuolunan hal deyil. Hesab edirəm ki, insanlarımızın alkoqola meylli olmasının 2 səbəbi var. Bunlardan biri bəzi hallarda süfrələrin daha təmtəraqlı olması ilə bağlıdır. Digər bir səbəb isə insanların sağlam həyat tərzinə üstünlük verməməsi ilə bağlıdır. Yəni, insanlarımız qeyri-sağlam həyat tərzinə üstünlük verdiklərindən alkoqola və tütün məmulatlarına meyllənirlər. Bu da , ürəkaçan hal deyil”.

Ekspert vurğulayıb ki, bu istiqamətdə əhali arasında maarifləndirmə işinin aparılması vacibdir: “Bilirsiniz ki, aksiz dərəcələrinin artırılması ilə bağlı Dövlət Proqramı mövcuddur. Hesab edirəm ki, bu istiqamətdə qiymətlərin bahalaşması davam etdirilməlidir. Eyni zamanda, insanlara xüsusilə sağlam həyat tərzinin təşviq edilməsi daha məqsədəuyğun olardı. Çünki biz müşahidə edirik ki, həm alkoqol, həm tütün istifadəçiləri arasında gəncləşmə mövcuddur. Digər tərəfdən, qadınlar arasında da bu kimi zərərli vərdişlərə meyllənənlərin sayı artıb. Bu baxımdan təbliğat, təşviqat işləri daha da möhkəmləndirilməli, eyni zamanda, mövcud vəziyyətlə iqtisadi tərəfdən də mübarizə aparılmalıdır”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, hazırda cəmiyyətdə mənəvi dəyərlərin aşınması müşahidə olunduğundan bu, insanların zərərli vərdişlərə meyl etməsinə gətirib çıxarıb: “Bu gün müəyyən həyat tərzinin təbliğ olunması, insanlarda bir qədər sərbəst həyat tərzinə meylliliyin artması, mənəvi dəyələrlə bağlı aşınmalar xüsusən də spirtli içki içənlərin sayının artmasına səbəb olur. İçki içənlərin, siqaret çəkənlərin sayının çoxalması faktı var və bunu təyin etmək çətin deyil. Çünki dövriyyədə nə qədər içkinin və siqaretin satışda olmasını araşdırıb müəyyən etmək mümkündür. Hər halda içkidən, siqaretdən çox istifadə edilməni ancaq iqtisadi vəziyyətlə bağlamaq olmaz. Çünki bir çox ölkədə bundan da pis iqtisadi vəziyyət var, lakin bu qədər içki aludəçisi, siqaret çəkən olmur. Azərbaycanın özündə bir neçə on il bundan əvvəl iqtisadi vəziyyət bundan da qat-qat pis olub. Amma bu o demək deyil ki, o vaxt əhali içkiyə, siqaretə bu qədər meylli olub. Müəyyən həyat tərzinin təbliğ olunması, insanlarda bir qədər sərbəst həyat tərzinə meylliyin artması, mənəvi dəyələrlə bağlı aşınmalar bütün bunlara gətirib çıxarır. Digər tərəfdən bu məsələyə psixoloji vəziyyət, ölkədə olan iqtisadi çətinlik də təsir edə bilər. Bunlar da danılmaz bir faktdır. Amma ümumilikdə bu məsələyə birtərəfli yanaşılmasının tərəfdarı deyiləm. Belə bir statistikanın olması yaxşı hal deyil. Konkret olaraq bununla bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməlidir”.