Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün mediatur təşkil edilib.
Hafta.az-ın verdiyi xəbərə görə, mediatur zamanı bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən son illərdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Şirvan şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.
Açılan həmin müəssisələr qazilərimizin də keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında xüsusi əhəmiyyət kəsb edir. Postmüharibə dövründə həmin reabilitasiya müəssisələrində 1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib və bu sahədə işlər davam edir. Eləcə də, 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, 650 müharibə əlili 4460 reabilitasiya vasitəsi, o cümlədən 71 qazi mühərrikli təkərli oturacaqla təmin edilib. Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün müvafiq ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanılıb.