Azərbaycanın ictimaiyyət nümayəndələrinin, ekofəalların Laçın – Xankəndi yolunda keçirdiyi dinc aksiya, artıq 47 gündür davam edir. Ermənistan sülhə gəlmir, əksinə sərsəm iddialarından əl çəkmir. Azərbaycanın ərazi suverenliyini pozan, ölkənin sərvətlərini talayıb ərazilərimizi növbəti ekoloji terrorra məruz qoyan erməni separatçılarına qarşı hər hansı bir etiraz nümayiş etdirməyən Avropanın, Qərbin bəzi təşkilatları, əksinə, “humanitar dəstək” adı ilə aksiyanı dayandırmağı tələb edirlər.
Erməni separatçıları və havadarları Azərbaycan vətəndaşlarının öz haqları naminə keçirdiyi dinc aksiyanın mahiyyətini özlərinə qarşı “humanitar terror” kimi təbliğ edərkən, nədənsə, müharibədən sonra üçtərəfli sazişi nəyə görə yerinə yetirmədiklərinin, hansı əsasla başqa bir ölkənin torpağında qanunları pozduqlarının hesabını vermək istəmirlər. Bu gün dünyanın ikilistandartlı yanaşmaları ilə üz-üzə dayanan Azərbaycanın ictimaiyyət nümayəndələrinin öz torpağında ekoloji terrora son qoyulması ilə bağlı keçirdiyi dinc aksiya nəyə görə beynəlxalq ictimaiyyəti, Ermənistanı bu qədər narahat etməlidir? Nəyə görə sülhə gəlməyən Ermənistanın ölkəmizdə öz məkirli məqsədlərindən istifadə edilməsinə imkan yaratmalıyıq?
Məhz belə bir vaxtda Azərbaycanın siyasi partiyaları, deputatları, ictimai-siyasi çəkisi olan digər şəxsləri Laçın – Xankəndi yolunda keçirilən aksiyaya qatılmalıdırmı? Bu, aksiyaya hansı əlavə çalarlarqatar?
Elə bu suallarla bir çox partiya sədrləri və deputatlara sorğu keçirib rəylərini aldıq.
Elman Nəsirov, Milli Məclisin deputatı:
Vətəndaş cəmiyyəti nümayəndələrinin, ekofəalların Laçın-Xankəndi yolunda 50 günə yaxın davam edən etiraz aksiyasında gənclərin iştirakı xüsusilə diqqətə layiqdir. Bunu təsadüfi hesab etmirəm. Etirazın səbəbləri bəllidir və söhbət mülki insanların ərazilərimizdə ekoloji terrora qarşı keçirdikləri aksiyadan gedir. Aksiyaçıların sıralarında yaşlı insanlar yoxdur. Ermənilər və havadarları aksiyada yaşlı insanların olmasından istifadə edib, ölkəmizə qarşı “Dövlət nümayəndələri aksiyada iştirak edir” kimi yersiz ittihamlar, iddialar səsləndirə bilər. Hər bir vətəndaş kimi, millət vəkilləri də öz dövlətinin əsgərləridirlər və istənilən vaxt dövlətin, millətin mənafeyi naminə hər bir aksiyada iştirak etməyə hazırdırlar. Amma bir şərtlə ki, bu iştirak səmərəli, faydalı olsun və strateji hədəfimizə xidmət göstərsin. Millət vəkilləri bu aksiyaya qatılacağı təqdirdə etirazın mahiyyəti dəyişəcəksə və ermənilər bundan istifadə edib məsələni fərqli bucaq altında təbliğ etməyə çalışacaqlarsa, bu, artıq xoşagəlməz prosesə çevrilə bilər. Ona görə də millət vəkillərinin aksiyada iştirakı, hələ ki, gündəmdə deyil. Bir məsələni bilməlidirlər ki, bu aksiya gənc ekofəalların etirazıdır və öz haqq işlərini müdafiə edirlər”.
Razi Nurullayev, Milli Məclisin deputatı:
- Siyasi partiyaların, ictimai-siyasi çəkisi olan digər şəxslərin Laçın–Xankəndi yolunda keçirilən aksiya məkanına səfərlərini doğru hesab etmirəm. Bu, vətəndaş cəmiyyəti təmsilçilərinin dinc aksiyasıdır və bunu siyasiləşdirmək bizim xeyrimizə deyildir.
Ancaq aksiyada vətəndaş cəmiyyəti təmsilçilərinin, QHT-lərin, ictimai fəalların sayı, tələbləri artmalıdır. O insanlar aksiyada iştirak etməklə öz içlərindən gələn istəklərini yerinə yetirirlər. Təbii ki, bütün insanlarımız, hər kəs aksiyaçıları dəstəkləyir. Belə təcrübə bütün dünyada var. “G7”, dünyanın 20 ölkəsinin rəhbərinın qatıldığı tədbirlərin qapılarını belə vətəndaş cəmiyyətinin təmsilçiləri bağlayıb, etirazlarını bildirir. Bizim də vətəndaş cəmiyyəti nümayəndələri öz etirazlarını bu şəkildə bildirirlər. Onların bu etirazlarını siyasiləşdirməyək. Bu, Azərbaycanın ziyanına işləyə bilər. Heç bir halda, hələ ki, əraziyə deputatların, siyasi partiyaların getməsi doğru deyil.
Fuad Əliyev, ALDP sədri:
- ALDP xaricdə əməkdaşlıq etdikləri partiyalara, Avropa Parlamentində olan bəzi deputatlara, beynəlxalq təşkilatlara həftədə iki dəfə aksiya ilə bağlı məlumatlar göndərir və bu formada prosesə dəstək verməyə çalışır. Siyasi partiyaların, deputatların aksiya keçirilən yerə səfərindən istifadə edən bəzi qruplar bu prosesə başqa don geyindirə bilərlər. Bu aksiya Azərbaycan ekofəallarının, QHT-lərin, media işçilərinin dəstəyi ilə uğurla davam edir. Siyasi təşkilatların aksiyada iştirakı başqa bir mənzərə yarada bilər.
Aksiya ilə bağlı onsuz da kifayət qədər yersiz iddialar, yalanlar ortaya atılıb. Siyasilərin səfəri ilə ermənilərin əlinə yeni bəhanələr verməməliyik. Onsuz da ölkəmizə qarşı xarici təsirlər var. Siyasi partiyaların aksiyada iştirakı olsa, təzyiqlər daha da güclənəcək. Ona görə də hər bir təşkilat aksiyada birbaşa iştirak etmədən də dəstək verə bilər. Hər kəs öz vaxtını, öz əməyini, imkanlarını buna sərf etməlidir. Bəzi məqamlar var ki, biz ona nail olmuşuq. Aksiya davam etməlidir və inanıram ki, uğur bizimlə olacaq və öz istəyimizə nail olcağıq.
Zəlimxan Məmmədli, Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri:
- Azərbaycan ərazisində vətəndaşların hərəkətləri sərbəstdir və digər kateqoriyadan olan insanlar da bu aksiyada iştirak hüququna sahibdirlər. Fikrimcə, təskilatçılarla koordinasiyalı fəaliyyət daha məqbuldur. Ermənilərin nə cür davranmasından asılı olmayaraq, Azərbaycan öz ərazisinin suverenliyini təmin etmək haqqına malikdir. Aksiya suverenlik hüququnun təmini, Azərbaycan xalqının Azərbaycan suverenliyinə, qanunlarına hörmətlə yanaşan, separatçılıqdan uzaq ermənilərin vətəndaş hüquqlarının təminatına ehtiramlı yanaşdığının nümayişi baxımından əhəmiyyətli aksiyadır. Sadəcə, informasiya siyasətimiz və diplomatiyamız baş verənlərə və perspektivdə baş verə biləcək hadisələrə uyğunlaşdırılmalıdır. Haqlı olduğumuz halda haqsız duruma düşməməliyik.
Rauf Qurbanov, AKP sədri:
- Siyasilərin Laçın-Xankəndi yoluna səfərinin təşkil olunmasını mümkündür. Bununla belə bu səfərin problemin həllinə müsbət təsir göstərəcəyini düşünmürəm. Nəzərə alsaq ki, Laçın-Xankəndi yolunda aksiya keçirənlər ekofəallardır və onlar ərazidə ekologiyanın pozulması ilə əlaqədar aksiya keçirirlər, onda Respublikada ictimai-siyasi çəkisi olan şəxslərin həmin tədbirə qatılması qarşı tərəfin əlinə məsələni siyasiləşdirmək üçün ciddi əsas verər. Onsuz da ermənilər bu aksiyanın keçirilməsi ilə bağlı beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini inandırmağa çalışırlar ki, Azərbaycan Xankəndini mühasirəyə alıb və orada yaşayan dinc insanların hüquqlarını pozur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, belə bir səfərin təşkil olunması ümumi işin xeyrinə olmaz. Demokratik dəyərlərə malik olan, insan hüquqlarına ehtiramla yanaşan, ekologiyanın pozulmasını təbiət qanunlarına zidd hərəkət kimi qəbul edən sivil xalqlar, dövlətlər üçün aksiyada iştirak edən insanların say tərkibi elə də ciddi br əhəmiyyət kəsb etmir. Çox təəssüflər olsun ki, belə sivil yanaşmanı Ermənistan dövlətinin ünvanına demək olmaz. Bu baxımdan, hesab edirəm ki, aksiyanın genişləndirilməsinə ehtiyac yoxdur.