Söhbət milyardlarla dollar ziyandan gedir - Açıqlama

17:16 01.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın erməni işğalı nəticəsində ölkəmizə vurulan zərərə görə təzminatın tələb edilməsi ilə bağlı proses davam edir.

Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib:

"Artıq Azərbaycan xüsusən Laçınla bağlı təzminatın ödənilməsini beynəlxalq məhkəməyə çıxarıb. Bütövlükdə isə Qarabağın və Şərqi Zəngəzurun işğalı müddətində ermənilər tərəfindən vurulan ziyanın məbləği kifayət qədər böyükdür. Söhbət milyardlarla dollar ziyandan gedir.

Daha dəqiq məbləğ dəqiq qiymətləndirmə nəticəsində əldə edilməsi mümkün olacaq. Çünki işğal müddəti uzundur, burda iqtisadi ziyan da var, həmin ərzailərimiz iqtisadi baxımdan istifadə olunmayıb. Orda təbii ehtiyatlarımız mənimsənilib, infrastruktur bütünlüklə dağıdılıb.

Ortada böyük bir ziyan var. Ziyanın qiymətləndirilməsi prosesi həyata keçirildi, bu prosesə beynəlxalq ekspertlər cəlb olundu. Bu da ziyanın daha dəqiq, müasir metodlarla qiymətləndirilməsi baxımdan vacib idi.

Sonrakı mərhələ beynəlxalq məhkəmə prosesidir və artıq Azərbaycan bir sıra məsələlərlə bağlı beynəlxalq məhkəmə müraciət edib. Ona görə təzminatın Ermənistandan tələb olunması da Azərbaycanın beynəlxalq məhkəməyə qaldıracağı məsələlər siyahısındadır.

Beynəlxalq hüquq, Venessiya Komisiyası imkan verir ki, Azərbaycan Ermənistandan təzminatın ödənilməsini tələb edib bunu beynəlxal məhkəmə vasitəsi ilə reallaşdıra bilsin".