Sudanda müharibə qurbanlarının sayı 100 minə çatıb

09:43 21.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sudan Həkimlərin Həmkarlar İttifaqı verdiyi açıqlamada, ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında ötən ilin aprelindən bu yana davam edən müharibədə ən azı 30 min adamın öldüyünü, 70 mindən çox insanın isə yaralandığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada əslində ölənlərin sayının bu statistik göstəricilərdən daha çox olacağı da vurğulanaraq, humanitar yardım və dəstək sahəsində çalışan bütün təşkilatları döyüş bölgələrində qapalı qalan minlərlə mülki vətəndaşı xilas etmək üçün təcili müdaxiləyə çağırıb.

“Biz dərhal atəşkəsə və zərər çəkmiş yüz minlərlə insana, xüsusilə də yaralılara kömək etmək üçün humanitar yardım marşrutlarının açılmasına çağırırıq”, - deyə bəyanatda bildirilir.

Həmkarlar ittifaqı və beynəlxalq təşkilatların Sudanda davam edən müharibə səbəbindən humanitar böhranın ciddi şəkildə pisləşdiyinə dair bütün hesabatları və statistik məlumatları dərin narahatlıqla izləyirlər.

Məlumata görə, təxminən 15 milyon insanın səhiyyə xidmətinə çıxışı yoxdur və səhiyyə müəssisələrinin (xəstəxanalar və tibb mərkəzləri) 80 faizi tamamilə xidmətdən kənarda qalıb. Bu statistikaya Gezira əyalətindəki (mərkəzi Sudan) səhiyyə müəssisələri daxil deyil.

Həmkarlar ittifaqının məlumatına görə, müharibə başlayandan indiyədək 53 səhiyyə işçisi həlak olub, 21 xəstəxana bombalanıb, 22 xəstəxana zorla təxliyə edilib.

Açıqlamada səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 248 hücumun qeydə alındığı bildirilib.

Xəbərlərdə Sudan iqtisadiyyatının müharibə səbəbindən itkisinin 120 milyard dollar olduğu və bunun ölkənin 12 illik büdcəsinə bərabər olduğu qeyd edilib.

Beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ittifaq son dərəcə mürəkkəb iqtisadi və humanitar şəraitdə 9 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü, 3 milyona yaxın insanın isə qonşu ölkələrə sığındığını bildirib və bunu “ən böyük miqrasiyalardan biri” kimi qiymətləndirib.