Sülhməramlılar missiyalarını yerinə yetirə bilmirlər - Qabil Hüseynli

15:59 07.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni tör-töküntülərinin Azərbaycan hərbi bölmələrinə qarşı silahlı təxribatları davam edir. Artıq Qarabağda erməni silahlılarının və sərhəddə Ermənistan hərbçilərinin atəşkəsi pozması halları intensivləşib. Nəticədə avqustun 3-də və bu gün Azərbaycan Ordusu 3 şəhid verib.

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan tərəfi sülhə gəlməyən Ermənistan rəhbərliyini və onun Azərbaycan ərazilərində -Qarabağda qalan silahlı tör-töküntülərinin cavabını versə də, fakt budur ki, Ermənistan və Rusiya 10 noyabrda imzalanan atəşkəs sənədinə və o sənədə əsasən götürdüyü öhdəliklərə uyğun davranış sərgiləmir. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasını düzgün yerinə yetirə bilməməsi üzündən erməni silahlı qüvvələri daha da azğınlaşır.  Politoloq qeyd edib ki, postmüharibə dövründə aparılan danışıqlar prosesində, eləcə də müəyyən beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan tərəfi rəsmi kürsülərdən çıxış edərək, Ermənistanı sülhə dəvət etməklə yanaşı, Zəngəzur dəhlizinin açılmasında hər hansı bir maneə olarsa Laçın dəhlizi məsələsinə yenidən baxacağını,  Qərbi Azərbaycanlılar məsələsini də qaldıracağını birmənalı bəyan edib. Ermənistan isə öz hərbçilərini ərazilərimizdən çıxaracağını elan etsə də, bu öhdəliyi də yerinə yetirmək istəmir.

“Məhz Rusiya sülhməramlılarının nəzarəti altında qalan Azərbaycan ərazilərində erməni silahlı dəstələrinin Azərbaycan əsgərinə atəş açması heç bir halda bağışlana bilməz. Rusiya üçtərəfli sazişə imza atıb və öz imzasına hörmətlə yanaşaraq erməni silahlılarının ərazilərimizdən çıxarılmasını təmin etməlidir”.

Q.Hüseynli bildirib ki, Laçına alternativ yolun çəkilişindən sonra Laçın dəhlizininın boşaldılması gündəmdir və görünən odur ki, ermənilər gərginlik yaratmaqla vaxtı uzatmağa cəhd edir.

Q.Hüseynli bildirib ki, artıq Laçının boşaldılması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılır. Amma hələ boşldılmayıb.  Sülhməramlılar isə bir çox hallarda fəaliyyətsizdir və missiyalarını yerinə yetirə bilmirlər. 

“Son dövrlərdə Rusiya sülhməramlıları erməni silahlılarının çıxarılmasında maraqlı kimi görünməyə başlayıblar. Yaxşı başa düşürlər ki, erməni silahlı qüvvələrinin ərazilərdən çıxması onlar üçün rahat, yeni fəaliyyət yolu açacaq, daha çox hakimiyyətə sahiblənirlər”.

Politoloq ermənilərin öz mənfur iddialarından əl çəkmədiyini önə çəkib.

“Ermənilər yenə də söyləyirlər ki, Laçın dəhlizinə alternativ yol açılmayınca əraziləri boşalda bilməzlər. Mürəkkəb hadisələr baş verir. Hər halda Rusiya proseslərlə bağlı hələ ki, təmkinli mövqe sərgiləyir. Əslində, Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı və orada  müəyyən fikirlər söylədi, mediada Azərbaycan əleyhinə müəyyən hücumların şahidi olduq”.

Tahirə Qafarlı

Oxunma sayı 115
Siyasət rubrikasından digər xəbərlər