Sürətli bahalaşma nə zaman səngiyəcək - Aktual

11:13 03.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son aylar dünya bazarlarında əsas ərzaq məhsulları üzrə davamlı ucuzlaşma qeydə alınmaqdadır. Azərbaycanda bu prosesin əksi müşahidə olunur və ötən ildən istehlak bazarında daha kəskin şəkildə özünü göstərən qiymət artımı hazırda da davam edir.

Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, sentyabr ayında ölkədə mal və xidmətlərin dəyəri avqust ayı ilə müqayisədə 3,1 faiz artıb. Əvvəlki ilin sentyabr ayına nisbətən isə istehlak qiymətləri indeksində 15,6 faiz artım qeydə alınıb. 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz yüksəlib. Sentyabrda ərzaq məhsulları keçən ilin eyni dövrü ilə müqayisədə 22,5 Maraqlıdır ki, bahalaşmanın davam etdiyi bir dövrdə Azərbaycan hökuməti 2023-cü il və sonrakı 3 illik dövrdə inflyasiyanın birrəqəmli həddə olmasını hədəfləyir. Məsələn, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə verdiyi rəydə bildirilir ki, 2022-2026-cı illərdə hər il orta hesabla 6,2 faiz inflyasiyanın qeydə alınacağı proqnozlaşdırılır: "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda təməl şərtlərlə illik inflyasiyanın 4+- 2 % intervalında qorunacağı müəyyənləşdirilib. 6,2 % inflyasiya proqnozu isə hədəf diapozonun yuxarı həddindən bir qədər çoxdur.  2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə orta inflyasiyanın 2022-ci il üzrə 12,5 %, 2023-cü ildə isə 6,9 % proqnozlaşdırır".

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da 2023-cü ildə ölkədə orta illik inflyasiyanın səviyyəsinin əlverişli xarici konyuktura halında birrəqəmli səviyyəyə enəcəyini gözləyir. Onun sözlərinə görə, mövsümi amillər bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərə bilər.

Taleh Kazımov həmçinin qeyd edib ki, qlobal iqtisadiyyatın artımı ilə bağlı qeyri-müəyyənliklər yüksək olsa belə tədiyyə balansı baxımından beynəlxalq konyuktur Azərbaycan Respublikasının iqtisadiyyatı üçün əlverişli, müsbət olaraq qalır: "Ticarət şərtlərinin yaxşılaşması şəraitində, xarici ticarət balansı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu əsas dünya qiymətlərinin yüksək olması və qeyri-neft ixracının reallaşması ilə izah olunur. Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının artırılmasını da müşahidə edirik. Bu da sözsüz ki, tədiyyə balansının artırılmasına səbəb olur. Əsas ticarət tərəfdaşları pul siyasətlərinin sərtləşdirilməsi idxal inflyasiyasını azaldaraq təsir göstərəcəyini müşahidə edirik. Praktiki tədiyyə balansı şəraitində strateji valyuta ehtiyyatlarının artırılması davam edir".

Maraqlıdır, görəsən, bahalaşmanın davam etdiyi bir dövrdə gələn il birrəqəmli inflyasiyaya keçid etmək mümkün olacaqmı? Bunun  üçün hansı addımlar atılmalıdır? Bununla bağlı gözləntilər nədən ibarətdir?

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, həm Mərkəzi Bank, həm də beynəlxalq maliyyə təşkilatları gələn il üçün Azərbaycanda birrəqəmli inflyasiya proqnoz edirlər:

“Bu ildən fərqli olaraq 2023-cü ildə birrəqəmli inflyasiya proqnoz edilir. Bilirsiniz ki, bu il ərzaq inflyasiyası 20 faizi, ümumi inflyasiya isə 15 faizin üzərindədir. Amma gələn il bu inflyasiya meyllərinin aşağı düşəcəyi gözlənilir. Bu prosesin təkcə Azərbaycanda deyil, gələn ildən bütün ölkələrdə müşahidə ediləcəyi proqnozlaşdırılır. Bunun da əsas səbəbləri dünyada Mərkəzi Bankların apardıqları siyasətdir. Mərkəzi Bankların hamısı qiymət səviyyəsini aşağı salmaq üçün sərt pul-kredit siyasəti həyata keçirirlər. Azərbaycan Mərkəzi Bankı da bu siyasəti davam etdirir. Ona görə də hesab edirəm ki, gözlənilməz hansısa fövqaladə hadisə baş verməzsə, dünya Mərkəzi Banklarının apardığı siyasət onu deməyə əsas verir ki, biz tədricən inflyasiya meyllərinin aşağı düşəcəyini gözləyirik. Azərbaycana da inflyasiya əsasən xaricdən idxal olunur. Bu baxımdan ölkəmiz inflyasiyanın səviyyəsinə o qədər də ciddi təsir göstərəcək gücdə deyil. Buna görə inflyasiyanın aşağı salınması ilə bağlı bizim edə biləcəyimiz çox işlər yoxdur. Amma təbii ki, Azərbaycanın da Mərkəzi Bankı çalışır ki, dövriyyədə artıq pul vəsaiti olmasın və bununla bağlı müxtəlif addımlar atır. Eyni zamanda, İqtisadiyyat Nazirliyi xüsusilə inhisarçıların qiymət qoyması üzərində nəzarəti artırmalıdır ki, inhisarçılar qiymətlər aşağı düşəndə də onu bazara hiss etdirsinlər. Necə ki, qiymətlər bahalaşanda dərhal bahalaşmaya gedilir, eyni sürətdə də qiymətlər aşağı düşəndə bu addımı atsınlar. Yəni, bu məsələdə hökümətimizin atacağı əsas addımlar idxalçıların, xüsusən də istehsal inhisarçıları üzərində nəzarətin artırılmasıdır. Ümumilikdə isə gələn ildən gözləntim ondan ibarətdir ki, 2023-cü ildə bu ilə nisbətdə dünyada baş verən proseslər fonunda qlobal miqyaslı inflyasiya aşağı düşəcək. Bunun da Azərbaycana təsiri olacaq”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, gələn il üçün birrəqəmli inflyasiyanın əldə olunması çox vacibdir: “Nəzərə alsaq ki, bu il inflyasiya gözləniləndən daha çox oldu. Belə ki, illik inflyasiya səviyyəsi artıq 15 faizdən çoxdur. Bu da proqnoz edilən göstəricidən xeyli yüksəkdir. Təbii ki, ölkədə müşahidə olunan ikirəqəmli inflyasiyanın əsas səbəbi regional və qlobal bazarda qiymət artımları oldu. Bu da idxal inflyasiyasının yaranmasına gətirib çıxardı. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın illik idxalı təxminən 11 milyard dollardır. Bunun da təxminən 3 milyard dollara yaxını ərzaq məhsullarıdır. Dünya bazarında qiymətlərin artması nəticə etibarilə idxal inflyasiyasının sürətlənməsinə və 2022-ci ildə proqnozlaşdırılandan daha çox qiymət artımlarının müşahidə olunmasına səbəb oldu. Təbii ki, Mərkəzi Bankın gözləntiləri ondan ibarətdir ki, gələn il inflyasiya səviyyəsi birrəqəmli həddə saxlanıla bilər. Mərkəzi Bank da bununla bağlı pul-kredit siyasətindəki alətlərdən istifadə etməklə tələbi, o cümlədən pul təklifini optimallaşdırmağa çalışacaq. Bununla da birrəqəmli inflyasiyanı əldə etməyi hədəfləyəcək. Amma birrəqəmli inflyasiyanın əldə edilməsi üçün hökmən idxaldan asılılığın aradan qaldırılması olduqca vacibdir. Xüsusən də ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və bununla da daha çox istehlakın yerli istehsal hesabına ödənilməsinə nail olunmasına ehtiyac var. Təbii ki, bu bütün hallarda idxal inflyasiyasının minimumlaşdırılmasına və qiymətlərin birrəqəmli həddə saxlanılmasına gətirib çıxara bilər. O baxımdan 2023-cü ildə inflyasiya səviyyəsi  təbii ki, idxal inflyasiyasının necə tənzimlənməsindən asılı olacaq. Amma hökumət inflyasiyanı birrəqəmli həddə saxlamağa çalışacaq və bununla bağlı müvafiq tədbirlərini də davam etdirəcək”.