Suriyanın ən məşhur narkobaronu hava hücumunda öldürüldü

10:20 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Suriyanın İordaniya sərhədində yerləşən Suveyda şəhərinə endirilən hava hücumu nəticəsində ölkənin ən məşhur narkotik tacirlərindən olan Merhi Ramthan öldürülüb.

Hafta.az-ın “Arab News”a istinadən yazdığına görə, hücum zamanı Ramtanla yanaşı onun həyat yoldaşı və 6 uşağı da həlak olub.

Hücum İordaniya administrasiyasının bölgədən ərəb dünyasına narkotik qaçaqmalçılığının qarşısını almaq üçün Suriya sərhədləri daxilində əməliyyata başlayacağı xəbərdarlığından bir neçə gün sonra baş verib.

Britaniyada yerləşən İnsan Haqları Müşahidə Qrupu bölgədəki ilk hava hücumunun Ramtan ailəsinin öldüyü Şuab kəndindəki evə endirildiyini açıqlayıb. İkinci hava hücumunda Suriyanın cənubundakı Dera şəhərində narkotik istehsal edən binanın hədəf alındığı bildirilib. Qeyd edilib ki, bina İranın dəstəklədiyi qüvvələr tərəfindən dərman istehsalı ilə yanaşı, anbar kimi də istifadə olunub və İordaniyaya göndərilən narkotiklər bu binada saxlanılıb.

İordaniya və Suriya rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər, lakin hücumun arxasında İordaniya administrasiyasının olduğu düşünülür. Suriyanın cənubunda fəaliyyət göstərən Ramthanın İordaniyada ən çox axtarılan şəxslərdən biri olduğu məlumdur.

Suriyalı narkotik qaçaqmalçısının Əsəd və Hizbullah qüvvələri ilə sıx əlaqələri olduğu bildirilir.

Ərəb ölkələri Suriya ilə münasibətləri bərpa etdikcə, danışıqlar masasının ən mühüm məsələlərindən biri Suriyada artan narkotik sənayesidir. Suriya və onun qonşusu Livan son illər bir çox qeyri-qanuni narkotikin, xüsusən də kaptaqonun Yaxın Şərqə paylandığı mərkəzlərə çevrilib.

ABŞ və Böyük Britaniya administrasiyası mart ayında 4 Suriya və 2 Livan vətəndaşına kaptaqon istehsal edib satdıqlarını əsas gətirərək sanksiya tətbiq edib. Sanksiyaya məruz qalanlar arasında Suriya prezidenti Bəşər Əsədin əmisi oğulları da var.