Sentyabrın 24-dən 28-dək Bakıda çox maraqlı rəsm sərgisi təşkil olundu. Latviyanın ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə açılan “Qarabağ atları” adlı sərgidə məşhur latviyalı rəssam, xanım Dase Ştrausanın rəsm əsərləri sərgilənib. Çox maraqlıdır, məhz Qarabağ atlarından bəhs etmək, daha doğrusu, həyatının önəmli illərini bu əsərləri yaratmaq üçün xərcləyən xanım Ştrausada Azərbaycanın mədəni dəyərlərinə maraq və sevgi hardandır? Özü də elə bir həssas günlərdə – Azərbaycan torpaqlarını 30 illik işğaldan qurtaran 44 günlük Vətən müharibəsinin birinci ildönümündə. Bəli, latviyalı rəssam xanım “Qarabağ atları” adlı ecazkar rəsm sərgisi ilə, igidlik dastanı yazdığımız bu möhtəşəm günlərdə Azərbaycan xalqını təbrik etmiş oldu...

Gəlin xanım Dase Ştrausanın “Həftə içi”nə eksklüziv müsahibəsinə birlikdə nəzər salaq:
- Bakıda məlum sərgini təşkil etmək təşəbbüsü Latviyanın Azərbaycandakı səfirliyindən gəlib. Təbii ki, mən də məmnuniyyətlə razılaşdım. İki il əvvəl, əvvəllər üç il yaşadığım Azərbaycanı tərk edərək Bakıda böyük bir rəsm kolleksiyası buraxdım. İlk dəfə 2018-ci ildə Bakıdakı Muzey Mərkəzində rəsm əsərlərimdən ibarət sərgim keçirilmişdi. Amma bu dəfəki sərgidə 10 yeni rəsm əsərim də sərgilənib.
- Qarabağ atlarını harda görmüsünüz? Maraqlıdır, sizcə onlar hansı xüsusiyyətlərinə, bəlkə də görünüşlərinə görə digər at cinslərindən fərqlənir?

- Qarabağ atlarını və onları bəsləyən sahiblərini ilk dəfə Bakıda görmüşəm. Heyvanların xüsusiyyətlərini soruşursunuz, zootexniki terminlərə girmədən deyə bilərəm ki, onlar həqiqətən də gözəl, nəcib, oynaq, özünəməxsus rəngli və qızılı parıltılı atlardır. Bu nəcib heyvanlarla təmasda olduğum üçün deyə bilərəm ki, onların xasiyyəti də çox xoşdur. Bu atlar, onlarla yaxşı rəftar edən və qayğılarına qalan hər bir insana asanlıqla bağlanırlar.
- Sərgi adından da göründüyü kimi, atlara həsr olunub. Çünki orada çox sayda at rəsmini seyr etdik. Ümumiyyətlə, rəssam olaraq siz daha çox hansı janrda rəsmlər çəkirsiniz? Sadəcə at, yoxsa başqa, məsələn, təbiət rəsmləri, natürmort, bəlkə insan şəkilləri...

- Əsasən atlar, bəzən digər heyvanlar da işimin əsas mövzusu olur. Yəni mən animistəm. Rəsm çəkmək üçün atlarla tanış oluram və bu mənə ilham verir. Belə demək olarsa, atlar mənim ilham mənbəyimdir. Xüsusilə, hərəkətdə olan atların fotoşəkillərini çəkməyi də çox sevirəm. Fotosessiyalar edirəm, sonra isə həmin şəkillərə baxaraq tablolar yaradıram.
- Bu günədək təxminən neçə rəsm əsəri yaratmısınız və neçə ölkədə sərgiləriniz açılıb? Siz öz rəsmlərinizdə əvvəllər də Azərbaycandan bəhs etmisiniz, yoxsa Qarabağ atları ilk belə müraciətdir? Ümumiyyətlə, Azərbaycanla bağlı yeni bir rəsm sərgisi təşkil etmək istəsəydiniz, daha çox hansı janrlara üstünlük verərdiniz?
- Yaratdığım əsərlərin təxmini sayını dəqiqliyi ilə deyə bilmərəm. Yəqin ki, yüzlərlə belə əsərim var. Rəssamlıq peşəsini çox sevirəm. Rəsm çəkərkən, görəsən əla alınacaqmı deyə təlaşalanıram. Amma əsər hazır olduqdan sonra təlaş və maraq öz-özlüyündə itib gedir. Bəzən bir müddətdən sonra kiminsə evində və ya başqa bir təsadüfi yerdə çəkdiyim rəsm əsərini görmək daha maraqlıdır. Sərgilərim çox keçirilib - Latviyada, Litvada, Almaniyada, Finlandiyada, Rusiyada və artıq ikinci dəfədir ki, Azərbaycanda. Çox ümid edirəm ki, Azərbaycanda eynilə at mövzusunda daha bir neçə sərgim olacaq. Onu da deyim ki, atlar da onları yetişdirib bəsləyən milləti xarakterizə edə biləcək mədəni irsin böyük hissəsidir. Bu gün nadir hallarda rast gəlinən əsl Qarabağ atına baxanda başa düşmək olar ki, belə gözəlliyi yalnız atçılıq mədəniyyətini və at cinsinin qədim, nəcib mənşəyini dərindən bilən ağıllı, alicənab insanlar yarada bilər.

- Siz Bakıda yaşadığınız vaxtlar Qarabağ torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu və güman edirəm ki, bu səbəbdən də siz o bölgələrdə olmamısınız. Amma indi həmin ərazilər işaldan azad edilib və hətta Şuşada mədəniyyət tədbirləri təşkil olunmağa başlayıb. Şuşada, Ağdamda, digər azad olunmuş bölgələrimizdə olmaq, o yerlərin gözəlliyini öz gözlərinizlə görüb rəsmlər yaratmaq istərdinizmi?
- Əlbəttə, Azərbaycanda yaşadığım vaxtlar inanırdım ki, yaxın gələcəkdə Qarabağ torpaqları azad ediləcək və Şuşaya getmək, bu gözəl şəhəri görmək üçün fürsət yaranacaq. Oralar Qarabağ atlarının çiçəklənmə dövrünü yaşadığı yerdir. Əlbəttə, çox təəssüf edirəm ki, bu gün əsl cins Qarabağ atlarının sayı azalıb, demək olar ki, barmaqla sayılacaq qədər azdırlar. Məncə bu nadir cins atlara belə münasibət davam edərsə, tezliklə nəsilləri kəsilə bilər. Ancaq ümid edirəm ki, bu olmayacaq, qızılı at ilxıları yenə də Qarabağda otlayacaq və bunu öz gözlərimlə görə biləcəyəm. Məncə, Azərbaycan atlarından bəhs edən muzey yaradılmalıdır və orada yalnız bu nəcib heyvanların rəsmləri deyil, ölkənizdə at yetişdirmə ənənəsindən bəhs edən zəngin və maraqlı materiallar sərgilənə bilər. Düşünürəm ki, niyə belə bir muzey məhz Şuşada olmamalıdır? Atlara sevgi yalnız Azərbaycanın qüruru olduqları üçün deyil, həm də sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, Qarabağ atlarına xüsusi diqqət yetirmiş məşhur şairə Xurşudbanu Natəvana hörmətdən irəli gəlir. Bu atlar hətta Parisdə keçirilmiş yarışda qızıl medal da qazanıb.

- Yeri gəlmişkən, Qarabağ atlarından bəhs edən rəsm sərgisini gələcəkdə elə Qarabağ torpaqlarında – Şuşada, Ağdamda da təşkil etmək istərdinizmi?
- Əlbəttə. Ümid edirəm ki, Latviyanın Azərbaycandakı səfirliyi ilə birlikdə Şuşada rəsm əsərlərimdən ibarət sərgi təşkil edə biləcəyəm. Buna ürəkdən sevinərdim...