Şuşada “xruşşovka”ların sökülməsini dəstəkləyirəm - Elbay Qasımzadə

13:59 06.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə ən çox müzakirə edilən məsələlərdən biri Şuşada «xruşşovka» adlandırılan binaların sökülməsi ilə bağlı verilən qərardır. Həttu bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. Səbəb isə həmin binalarda işğala qədər yaşayan insanların öz evlərini görmək istəyi, onların yeni evlərlə necə təmin təmin olunacağı, “xruşşovka”ların yerində nələrin tikiləcəyi ilə bağlı sualların çoxluğudur.

Bu və digər məqamlarla bağlı “Həftə içi”nə müsahibə verən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə maraqlı məsələlərə diqqət çəkib.

-Bu günlərdə Şuşa şəhərində “xruşşovka” deyilən evlərin sökülməsi ilə bağlı müzakirələr aparıldı. “Xruşşovkalar” söküləcəksə, bu, Şuşaya hansı yeni görkəmi verəcək və şəhərin əvvəlki mənzərəsinin dəyişməsinə hansı səpkidə təsirini göstərəcək?

- Mən “xruşşovka” ların sökülməsini dəstəkləyirəm. Beşmərtəbələr, ümumiyyətlə Şuşanın görkəminə yaraşmır. 2-3 mərtəbəli çoxmənzilli evlər ola bilər, amma hündürlüyü 2-3 mərtəbədən artıq olmamalıdır. Qalan yaşayış evləri isə həmin o tarixi “17 məhəllə”də bərpa olunmalıdır.  Şuşanın əsas yaşayış sahəsi bax, o 17  məhəllə olmuşdur.

Məncə, “xruşşovka”ların sökülməsi Şuşanın yeni görkəminə çox müsbət cəhətlər gətirəcək. Həm ətraf təbiət daha yaxşı görünəcək, həm də Şuşanın özünün qədim küçələri, abidələri yaxşı görünəcək. Beşmərtəbələr bunun hamısının qarşısını bağlayırdı. Çox müsbət haldır ki, bu evlər sökülür. 

- 30 il bundan əvvəl o beşmərtəbəli evlər var idi. Şəhərə yaraşmırdısa, niyə tikilmişdi?

- Ona görə ki, Şuşa kurort şəhəri idi. SSRİ məkanının hər bir yerindən ora istirahətə, müalicəyə adamlar gəlirdilər. İstirahət guşələrində xüsusi xidmət göstərən personal var idi ki, həmin evləri onlar üçün tikmişdilər. İndi o evlərə heç bir ehtiyac yoxdur.  Həmin zamanlarda da bu tikililər Şuşanın görkəminə xələl gətirirdi, bu gün də ona yaraşmır. Ölkə başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb, mən də öz yazılarımda, müsahibələrimdə demişəm ki, o evlər mütləq yığışdırılmalıdır. Onlar düz, şəhərin mərkəzində tarixi mərkəzlə ünsiyyətdədir və əlbəttə ki, onlar şəhərin yaraşığını artırmır. Mən tərəfdarıyam ki, o evlər həqiqətən də sökülsün. Sosial şəbəkələrdə görürəm ki, ermənilər qışqırıq salırlar ki, “evlərini” sökürlər. Soruşmaq lazımdır ki, bu yerlər nə vaxt sizin evləriniz olub?

- Bu evlərə niyə “xruşşovka” deyirlər? Mümkünsə, oxucularımıza açıqlayardınız...

- “Xruşşovkalar” beşmərtəbəli evlərə deyilir. O evlər Bakıda da var. Həmin beşmərtəbəli daş evlər, 3 bloku olan, memarlıq cəhətdən də görkəmli bir şey deyildi. Bu tikililərdən  Şuşada da var. Bəli, bunu sovet vaxtında tikmişdilər. Sovet vaxtında, ümumiyyətlə, yaşayış evləri ilə təmin olunma proqramı var idi. Elə ona görə Bakıda  beşmərtəbələr tikildi.  Ona görə “xruşşovka “deyirlər ki, Xruşşovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə olub bu tikililər. Mən sizə deyim ki, bu, o dövr üçün böyük bir sosial irəliləyiş olub. Yadımdadır, o vaxtlar Bakıda insanlar zirzəmilərdə, “kommunalka”larda  yaşayırdılar. Bir şüşəbəndə 6-7 ailə çıxırdı, hamıya bir tualet var idi ki, o da şüşəbəndin başında olurdu. Bir   mətbəx var idi, orada da qadınlar daim bir-birləri ilə çəkişirdilər ki, sən mənim sabunumu götürdün, sən mənim qazanıma toxundun... Bunların aradan qaldırılması, insanları ucuz evlərlə təmin etmək üçün həqiqətən bu, Xruşşovun verdiyi düzgün ideya idi. “Xruşşovka”ların da vaxtı ötüb. Həm mənəvi, həm də texniki cəhətdən o evlərin vaxtı keçib...

- Əhalinin öz evləri ilə bağlı hansısa fikirləri nəzərə alınmalıdırmı? Bəziləri deyir ki, mənə evimi versin, gedim özüm tikim. Necə fikirləşirsiniz?

- Məncə, bu düzgün yanaşma deyil. O şəhərlərdən heç nə qalmayıb. Misal üçün, Ağdamı götürək.  Demək olar ki, ermənilər Ağdamı yerlə-yeksan ediblər. Bu gün hərə gəlib öz köhnə yerində bildiyi kimi ev tiksə, biz yenə də müasir şəhər əldə edə bilməyəcəyik. Dövlətin məqsədi müasirtipli şəhərlər və qəsəbələr tikməkdir ki, rahat olsun, yolları düz,  kommunikasiyaları təmin olunsun. Bütün evlərə su, qaz, işıq çəkilsin. Yəni burda özbaşınalığa yol vermək olmaz. Düşünürəm ki, insanlar üçün müxtəlif layihələr hazırlanmalıdır və yəqin, belə də olacaq. Yəni böyük ailə, kiçik, orta ailələr üçün müxtəlif həcmdə, müxtəlif fasadlarla evlər tikilməlidir. İnsanlara təkliflər olunacaq ki, ev layihələrinə baxsınlar və hansı evi istəsələr, onlara tikilsin. Məncə, bu belə olmalıdır. Şuşanın özündə beşmərtəbələrdə yaşayan insanlar üçün də başqa evlər tikiləcək. Tam əminəm ki, bu həqiqətən də olacaq. Ora qayıtmaq niyyətində olan insanlar gəlib  həmin  mənzillərə köçəcəklər. Beşmərtəbələrdə 30 il ermənilər yaşayıblar və bir Allah bilir ki, o evlər nə gündədir...

Əlbəttə, başa düşürəm, hərə öz yurduna, öz evinə, öz ocağına qayıtmaq istəyir. Etiraf edək ki, biz 30 il bundan məhrum qalmışıq. Müharibə nəticəsində o ərazilərin hamısı dağıdılıb, bu gün yaşamaq üçün yararsızdır.  Müharibədən neçə ay keçib. Ermənilər köçüb Xankəndidə oturublar.  Xankəndidə evlər dağıdılmayıb. Azərbaycan ailələri hələlik öz evlərinə qayıda bilmirlər. Qayıtmaları üçün dövlət bu imkanı mütləq onlara yaradacaq.

- Elbay müəllim, çıxışlarınızın məntiqi ora aparır ki, artıq Şuşa və işğaldan azad olunan digər rayonlarımızda məhəllələr çoxalacaq. Tutaq ki, Şuşada 17 məhəllə yox, olacaq 20 məhəllə...

- Əlbəttə, ola bilər.  Ümumiyyətlə, şəhərlərin hamısı inkişaf edir və edəcək. Şəhər insandan fərqli olaraq daim yaşayır və daim dəyişmək iqtidarındadır. İnsan qocalır, ölür çıxıb gedir bu dünyadan.  Şəhərlər dəyişməsə, onlar da ölər. Ona görə də Şuşada tarixi 17 məhəllə var idisə, bəlkə bərpadan sonra 20-25 olacaq. Yəni bu, şəhəralma ilə məşğul olan idarənin işidir. Dövlət Şəhərsalma İdarəsi və Arxitektura Komitəsi var. Layihə institutları var ki, məncə, bu işlərin üzərində işləyirlər. Onların da qarşısında qoyulan məqsəd evinə qayıdan vətəndaşlar üçün tam yüksək səviyyədə olan bir şəraitin yaradılmasıdır.

- Necə hesab edirsiniz, Şuşada və başqa dağlıq ərazilərdə hündürmərtəbəli binaların tikintisi aparıla bilərmi?

- Biz yüksəkmərtəbəli evlər deyəndə 12, 16, 18, 24 mərtəbəli evləri fikirləşirik.  Bunlar rayon mərkəzlərinə, kiçik qəsəbələrə yaraşmır.  Rayon mərkəzlərində 3-4 mərtəbədən hündür binalar olmamalıdır. Bütün azad olunmuş şəhərlərdə hündürmərtəbəli binalar ola bilməz. Avropanın kiçik şəhərlərinə baxın. Görəcəksiniz ki, 2-3 mərtəbədən hündür bir dənə də bina yoxdur. Ola bilsin ki, haradasa bir otel var. Onu da yenə 3-4 mərtəbə tikiblər ki, ümumi kompazisiyadan kənara çıxmasın. Biz də elə etməliyik. Biz o rayon mərkəzlərinin mühitini qoruyub saxlamalıyıq. Onun gözəlliyi də odur ki, memarlıq miqyası qorunub saxlanılsın. Oradakı dağlar o siluet üçün üfüqidir. Əsas mühitdir, miqyasdır, təbii landşafdır. Yeni şəhər onlara uyğunlaşdırılmalıdır. Əsas insanların yaşayış tərzidir. Siz təsəvvür edirsiniz ki, bizim vaxtilə o torpaqlardan qaçqın düşmüş  insanlar bu gün Bakıda 18-ci mərtəbədə mənzillə təmin olunub xoşbəxt yaşayırlar. Onlar yenə də torpaqlarına bağlıdırlar, yenə də evlərindən çıxıb həyətlərində nəsə bir iş görmək istəyirlər. Onların həyat tərzi məcburi dəyişib.

Ümumiyyətlə, düşünürəm ki, Qarabağ bölgəsində bu gün dövlət tərəfindən bərpa olunacaq şəhər və qəsəbələrdə yüksək mərtəbəli binalar tikilməməlidir. 2-3-4 mərtəbəli binalar kifayətdir. Şəhərlə kiçik yaşayış məntəqələrinin  fərqi olmalıdır. Çünki həyat tərzi bir – birindən fərqlidir. O şəhərlərdə həyat tərzi Bakı ilə müqayisədə tamam başqadır. Bakı ilə Gəncənin də həyat tərzində çox böyük fərq var. Bakı iqtisadi, siyasi, mədəni paytaxtdır. Ona görə də Bakı ilə rayonları uyğunlaşdırmaq lazım deyil. Sadəcə olaraq tikiləcək evlər tam rahat, təminatlı olmalıdır.

- Bu gün işğaldan azad olunan “Ağıllı şəhər” layihələrindən danışılır. Bu barədə nə deyərdiniz?

- Bəli, bu gün, həm də “Ağıllı şəhər”in qurulmasından söhbət gedir. Bu çox düzgün bir ideyadır. Bu, şəhərlərin idarə olunması mərkəzləşdirilməlidir. Bunların su, elektrik təchizatı, istiliyi, qaz təchizatı – hamısı mərkəzləşməli və bir mərkəzdən, bir məntəqədən idarə olunmalıdır. Söhbət ondan getmir ki, yaşayış evləri tikiləcək və bunlar “Ağıllı ev” olacaqlar. Söhbət şəhərlərin idarə olunmasından gedir. Ümumiyyətlə, insan gərək o “ağıllı ev” səviyyəsinə gəlib çatsın. Bu evi hər adam idarə edə bilməyəcək. Ona görə də burda söhbət “ağıllı ev”lərin tikintisindən yox, şəhərlərin idarə olunmasından gedir.

- Necə hesab edirsiniz, 30 ildən sonra evinə qayıtmaq istəyən şuşalı, ağdamlı, laçınlı üçün öz yerində, yurdunda, şəhərində, küçəsində görmək istədiyi ən önəmli məkan kimi nə saxlanılmalıdır?

- Onların bir arzusu var. Onlar məkan düşünmürlər. Onlar istəyirdilər ki, öz doğma torpaqlarına qayıtsınlar. Bundan üstün istək ola bilməz. O məkanda gələcəkdə onlar yaşayacaqlar, onu dövlətimiz onlar üçün yaradacaq. O məkanı yaradarkən da mütləq onların rahatlığını düşünəcək.

- Bəzi insanlarımız hansısa tanıdıqları yerin saxlanmasını arzu edir, nostalji hisslərini oyadan yerləri də qorumaq istəyirlər.

- Bunlar, ancaq hisslərdir. Mən Bakıda doğulub, Bakıda böyümüşəm. Həmyaşdlarımla hərdən axşam otururuq, söhbət edirik. Biri qayıdır ki, yadına gəlir, filan yerdə bir şey var idi, yaxşı idi e o. Nəyi yaxşı idi? Uşaqlığım o daxmada keçib deyə, mənim üçün müəyyən qədər qiymətli ola bilər. Amma müasir düşüncə ilə baxanda, görürük ki, onlar heç bir şeydir ki, yaşıyıb qala bilmədilər. Bəli yerində park salıblar. Bu gün “Sovetski” deyilən ərazi barədə də çox söhbətlər gedir. Elə hey deyirlər, yadına gəlir filan yer... Mənim çox şey yadıma gəlir. Yadıma gəlir ki, “Sovetski”də tində oturub nəşə satırdılar. Bu o demək deyil ki, gərək onu orada saxlayaydılar.

-Elbay müəllim, məlumdur ki, işğaldan azad olunan torpaqlarımızda yenidən evlər tikiləcək, abidələrimiz bərpa olunacaq. Qarabağda evlərin, binaların tikintisi zamanı əsasən nələr nəzərə alınmalıdır?

- İlk növbədə etiraf edək ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məskənlərinin əksəriyyəti kənd və qəsəbədir. Orada əsl mənada şəhər statusuna malik bir yaşayış məntəqəsi yoxdur.  Məsələn, əgər konkret Şuşanı götürsək, əlbəttə ki, Şuşa kiçik şəhərdir. Şuşanın bərpası zamanı abidələrin şəhərsalma strukturundakı ilkin görkəminə diqqət yetirmək lazımdır.

30 il qabaq orada azərbaycanlılar yaşayıblar. Ermənilər torpaqlarımızı işğal etdikdən sonra o evləri zəbt ediblər. Ermənilər Şuşanı zəbt edəndən sonra  o 17 məhəllədə yaşamayıblar. Həmin məhəllədəki evləri darmadağın ediblər. Əsas beşmərtəbəli evlərdə yerləşiblər. Yəni onlar ora gələndə bilirdilər ki, çıxıb gedəcəklər. İndi çıxıb-gedəndən sonra səslərini çıxarmasınlar. Sakit oturub öz ölkələrinin daxilindəki problemi həll eləsinlər. 

- Bir memar kimi yeni şəhərləri necə görürsünüz?

- Abad, gözəl, yaşıllıqlı, işıqlı, yolları düz... İnsanlar üçün hər bir şərait, infrastruktur  yaradılmalıdır ki, görsünlər müharibədə qalib gələn dövlət onları düşünüb və bu şəraiti yaradıb.