Yazını böyüt
Yazını kiçilt
Ölkəmiz müstəqillik əldə etdikdən sonra “Tağıyev kombinatı“nın bəxti gətirmədi. Orada vəzifə davası, çəkişmələr səngimək bilmirdi. Nəticədə bu gün belə böyük bir müəssisə iflic vəziyyətinə düşdü. “Artıq kombinat işləmir“ - bunu kombinatın işçiləri deyir.
Ölkəmizdə pambıq əkib-becərmək üçün əlverişli hava, münbit torpaq, habelə yerli zavovdların istehsal etdiyi xam mal olan mahlıc var. Yetərincə vəsait də öz yerində, yəni kombinat işləyə bilər. Bu halda ən azından xalqımızın ağ parçaya, ipəyə olan tələbatı ödənər.
Həmin obyektin mövcud durumu ilə tanış olmaq üçün oraya yollandıq. Təxminən səhər saat 10 radələri olardı. Kombinatın qapısı açıq idi. Adamlar tək-tək müəssisəyə üz tuturdu. Öyrəndik ki, həmin şəxslər kombinatın məsul işçiləridir. Müəssisənin giriş qapısında dayanan gözətçi gəlişimizin səbəbini bildikdə kombinatın işləmədiyini və idarədə heç kəsin olmadığını söylədi.
Xahiş etdik ki, yalnız bir nəfər cavabdeh şəxs lazımdır, onunla söhbət edək, kombinatın vəziyyəti ilə bağlı məlumat versin. Lakin gözətçi “direktorun icazəsi olmadan sizi içəri buraxa bilmərəm“ söyləyib giriş qapısını bağladı.
Kombinatın giriş qapısının sağ tərəfində kadrlar şöbəsi yerləşən otağa daxil olduq. Şöbə müdiri Zərnişan İmanovaya jurnalist olduğumuzu və gəlişimizin səbəbini bildirdik, o da çox mehribancasına bizi qəbul etdi. Dedi ki, hazırda kombinatın 800 nəfərə yaxın işçisi var: “Amma müəssisə işləmədiyindən öz hesablarına buraxılıblar. Baş mühəndis, mühasib - hamısı yerindədir. Biz də işə ona görə çıxırıq ki, işçilərimizə lazımi sənədləri verək“.
Zərnişan xanımdan soruşduq ki, kombinat işləmirsə, bu qədər adamın müəssisəyə gəlməsi nə dərəcədə doğrudur? Z.İmanova bu suallara aydınlıq gətirmək üçün ya kombinatın direktoru Tofiq Quliyevlə, ya da baş mühəndis Əli Qasımovla görüşməyimizi məsləhət gördü. Sonra Zərnişan xanım dedi ki, kombinatın klubunda yüngül sənayeçiləri təmsil edən həmkarlar təşkilatının toplantısı keçiriləcək. Kombinatın müdiriyyəti, işçiləri də orada olacaq.
Kadrlar şöbəsinin müdiri bizi klub rəhbərliyinin otağına apardı. Lakin Zərnişan xanım məni təqdim edəndə müdir Azad müəllim əsəbi tərzdə dedi ki, jurnalistin YAP-ın iclasında nə işi var? Mən ona təmkinlə cavab verdim ki, biz H.Z.Tağıyev adına Toxuculuq Kombinatının, eləcə də nəzdindəki mədəniyyət klubunun fəaliyyəti ilə bağlı material hazırlamağa gəlmişik. Kombinatın həmkarlar təşkilatının sədri Aynəzar Tanrıverdiyeva ilə söhbət etmək imkanı qazandıq. A.Tanrıverdiyeva da kombinatın işləmədiyini bildirdi. Belə olan halda həmkarlar təşkilatının rəhbərinə belə bir sual ünvanladıq: “Əgər kombinat işləmirsə, gözətçidən tutmuş direktora qədər bütün işçilər əməkhaqqını haradan alırlar. Bir sözlə, bu kombinatın məsul işçilərini kimlər maliyyələşdirir. Əgər kombinat işləmirsə, bəs siz burada nə işlə məşğulsunuz?“. Suallarımızı cavablandırmaqda çətinlik çəkən A.Tanrıverdiyeva xahiş etdi ki, telefon nömrəmizi ona bildirək: “Biz bu haqda kombinatın direktoruna məlumat verərik. Amma hazırda direktor burada yoxdur və bu gün gəlməyəcək“.
Beləcə kombinatı tərk edib geri qayıdırıq. Suallarımız cavabsız qalır. Güman edirik ki, bu suallarımıza cavab verən, sovet dönəminin ən güclü obyektlərindən birinin qayğısına qalan olacaq.
Qələndər Xaçınçaylı