Tailandda çılpaq əllə 4,5 metr uzunluğunda və 10 kiloqramlıq kobranı xilas edən şəxsin videosu sosial şəbəkələrdə yayılıb.
Hafta.az-ın “The Indian Express”ə istinadən yazdığına görə, videoda Suti Naevhad adlı könüllünün ictimai ərazidə görünən kral kobra ilanını idarə etməyə çalışdığı görünür. Naevhad ilanı ərazidən uzaqlaşdırmağa çalışarkən, kobra onun hərəkətlərindən qorxur və tutulmazdan əvvəl başını qaldıraraq onu qorxutmağa çalışır.
Yerli KİV-in məlumatına görə, hadisə Tailandın cənubundakı Krabi əyalətində baş verib. Bildirilib ki, kobra xurma plantasiyasına daxil olduqdan sonra ərazidəki sakinlərin diqqətini çəkib.
Nəhəng kobranın rayondakı qəsəbə yaxınlığındakı kanalizasiyada gizlənməyə çalışdığı bildirilib.
Ao Nang Rayon İnzibati Agentliyində işləyən Naevhad, ilanı boynundan tutmağı bacardıqdan sonra təxminən 20 dəqiqə onunla oynayıb.
Naevhadın sözlərinə görə, kral kobra yəqin ki, öz yoldaşını axtarır, çünki yerli sakinlər bu yaxınlarda daha bir kobra öldürmüşdülər. İllərdir ilan tutmaq üzrə təlim keçən Naevhad deyib ki, heç kim zəhərli ola biləcək ilanları tutmağa çalışmamalıdır.
Kobranın zəhəri insanın sinir sisteminə təsir etdiyindən, bir kobra dişləməsi ürəyin dayanmasına səbəb ola bilər.