Taksilərdə xidmət keyfiyyəti aşağı, qiymətlər baha

14:54 06.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, iyulun 1-dən ölkədə yeni taksi qaydaları qüvvəyə minib. Belə ki, artıq dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.

Taksilərin “Avro-5” standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib. Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə görə, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar da quraşdırılmalıdır.

Maraqlıdır, görəsən, yeni qərarın tətbiqi nə ilə nəticələnir? Köhnə taksilər dövriyyədən çıxıbmı? Yeni qayda bu sahədəki xaosu aradan qaldıracaqmı?

Qeyd edək ki, sözügedən qərar qüvvəyə minmədən öncə paytaxtda 70 minə yaxın taksi fəaliyyət göstərirdi. Rəsmi qurumların məlumatına görə, onlardan cəmi 15 minə yaxını müvafiq sənədlər əldə edərək yeni normalar üzrə çalışmağa başlayıb. Görünən odur ki, təxminən yarıdan çox taksi bazarı tərk edib. “Bolt”, “Uber” kimi taksi şirkətləri qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərini bloklamağa başlayıb. Yeni qaydalardan sonra bəzi şirkətlər paytaxda deyil, fəaliyyətlərini bölgələrdə genişləndirməyə üstünlük verirlər. Eyni zamanda, əvvəlki dövrlərlə müqayisədə paytaxta taksilərin sayı ciddi şəkildə azalıb. Taksi sifarişləri 20-25 dəqiqə intervalla həyata keçirilir. Qiymətlər isə 2 dəfədən çox bahalaşıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirir ki, bazarda vəziyyətin necə dəyişdiyi barədə konkret fikir bildirmək üçün ən azı bir həftə gözləmək lazımdır. Onun sözlərinə görə, taksilər yenə xidmətdədir, amma qiymətlər kəskin bahalaşıb: “Hələ ki, biz şəhərdə taksiləri görürük və çağırışa da gəlirlər. Amma qiymətlər yüksəkdir. Ötən ilin yayı ilə müqayisədə qiymət təxminən yüz faizdən çox yüksəlib. Bu sahədə vəziyyətin necə olacağı ilə bağlı bir həftə sonra nəsə demək olar”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, kim taksi fəaliyyəti ilə məşğuldursa, müəyyən edilmiş tələblərə uyğunlaşmalıdır: "Rəsmi rəqəmlərə görə taksi fəaliyyəti göstərən 70 minə qədər nəqliyyat vasitəsi var idi, amma AYNA yalnız 10 minə qədər nəqliyyat vasitəsinə buraxılış verildiyini açıqlayıb. Təbii ki bu, ümumi nəqliyyat vasitələrinin təxminən 15 faizini təşkil edir. Nəqliyyat vasitələrinin sayının azalması fonunda qiymət artımı gözləniləndir. Bazar qiymətləri tələb-təklif prinsipi ilə idarə edilir. Əgər bazarda tələb çox, təklif azdırsa, qiymət əlbəttə ki artacaq. Odur ki qiymətlərin artımı normaldır. Nəqliyyat vasitəsinin istifadəyə yararlılığını, səliqəlisini, təhlükəsiz nəqliyyat vasitəsi ilə ünvana çatmağı istəyiriksə, bunu qəbul etməliyik. Çünki artıq bütün bunlara tam nəzarətdə olunacaq. Amma qiymətlərin bu şəkildə artımı ajiotaj yaradıb. Getdikcə rəqabət prinsipi öz yerini tapacaq. Bilirik ki, taksi xidmətində qiyməti bazar tənzimləyir. Gözlənilən odur ki rəqa rəqabət mühiti qiymətin normallaşmasına, bəlkə də aşağı düşməsinə təsir edəcək".