Taliban Əfqanıstanda zorakılıq halları azaldığı üçün turistləri bu ölkəyə cəlb etməyə çalışır. Bu məqsədlə Taliban turist bələdçiləri yetişdirmək üçün institut yaradıb.
Hafta.az-ın yazdığına görə, institutun ilk tələbə qrupundan təxminən 30 nəfər Kabildə sinif otağında təhsil almağa başladı. Onların yaşları, təhsilləri, peşə təcrübələri fərqli olsa da, institut tələbələrinin hamısı kişidir. Çünki ölkədə qızların altıncı sinifdən sonra oxumasına icazə verilmir.
"Associated Press" agentliyinin dünənki xəbərinə görə, çox böyük rəqəmlərdən danışmaq mümkün deyil. Bununla belə, ölkədə turizmlə bağlı müzakirələr gedir. 2021-ci ildə ölkəyə 691 xarici turist səfər etdiyi halda, 2022-ci ildə bu rəqəm 2300-ə yüksəlib. Ötən il Əfqanıstana gələn turistlərin sayı 7 minə çatıb.
Əfqanıstan iqtisadiyyatı demək olar ki, çöküb. Son dərəcə zəif infrastruktura malik olan ölkə yoxsulluqla mübarizə aparır. Yenə də zorakılığın azalması, Dubay kimi dünya mərkəzli şəhərlərə birbaşa uçuşların artması və qeyri-adi bir yerdə istirahət etmək həyəcanı ilə əcnəbilərin ölkəyə səfərləri davam edir.