Taliban rəsmiləri dünəndən ABŞ-ın keçmiş Baqram aviabazasında hakimiyyətə qayıtmasının üçüncü ildönümünü qeyd etməyə başlayarkən, baş nazir Məhəmməd Həsən Axund deyib ki, Əfqanıstan "islam qanunlarının aliliyini qorumalıdır".
Hafta.az-ın yazdığına görə, Çin və İran diplomatları da daxil olmaqla, yüzlərlə insan Əfqanıstanda Taliban-ın hakimiyyətə qayıtmasının üçüncü ildönümünü qeyd etmək üçün Kabildən 40 kilometr kənarda yerləşən bazaya toplaşıb. Proqram çərçivəsində çıxışlar olub, hərbi parad keçirilib.
Mərasimdə iştirak etməyən Axund açıqlamasında bildirib ki, Taliban rəsmiləri “İslam qanunlarının aliliyini qorumaq, mülk və insanların həyatını qorumaq, Əfqanıstan xalqına hörmət etmək məsuliyyətinə malikdir”.
İyirmi ildir ABŞ-ın Əfqanıstandakı əməliyyatlarının mərkəzi olan aviabazada keçirilən tədbirə helikopterlər Taliban rəsmilərini aparıb.
Taliban döyüşçüləri 15 avqust 2021-ci ildə Vaşinqtonun dəstəklədiyi hökumət süqut etdikdən və liderləri qaçdıqdan sonra paytaxt Kabilə nəzarəti ələ keçirdilər.
Baş nazir Axund deyib: "Bu tarixdə Allah mücahid əfqan xalqına işğalçı və təkəbbürlü beynəlxalq qüvvəyə qarşı qəti qələbə bəxş etdi".
Qələbə bayramı öncəsi Taliban hərəkatının mənəvi qalası olan paytaxt və Qəndəharda təhlükəsizlik tədbirləri gücləndirilsə də, ölkədə DEAŞ hücumları təhlükəsi davam edir.
20 illik üsyanın ardıyla hakimiyyətə gəldikdən sonra üç il ərzində Taliban hökuməti İslam qanunlarının ciddi şərhinə əsaslanan qanunlar tətbiq etməklə ölkədəki nəzarətini möhkəmləndirdi.
Taliban hökuməti heç bir ölkə tərəfindən tanınmır. Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının “gender ayrı-seçkiliyi” adlandırdığı siyasətlər çərçivəsində qadınlara qoyulan məhdudiyyətlər ölkədə mühüm problem olaraq qalmaqdadır.
Qələbə günündən əvvəlki günlərdə işçilər Kabilin hər yerində yubiley tarixi ilə yanaşı müxtəlif təbrik ifadələri olan plakatlar asmaqla məşğul idilər. Şəhər həm də küçələrdə “Əfqanıstan İslam Əmirliyi” bayraqları satan satıcılarla dolu idi.
Paytaxtdakı stadionda idmançıların iştirakı ilə tədbirlərin və şeir söyləmələrinin təşkili nəzərdə tutulub.
Taliban hərəkatının rəhbəri, təcriddə yaşayan və ölkəni dini fətvalarla idarə edən lider Hibətullah Axundzadənin evinin yerləşdiyi Qəndəharda təhlükəsizlik tədbirləri gücləndirilib.
Taliban rəsmiləri üçün təhlükəsizlik həmişə prioritet olub. Bir çox əfqan 40 illik ardıcıl münaqişələrdən sonra rahatlıq tapdığını desə də, iqtisadiyyat sıxıntı içindədir və insanlar daha da pisləşən humanitar böhranın bataqlığında qalır.
Beynəlxalq qeyri-hökumət təşkilatlarının birgə bəyanatında 23,7 milyon insanın humanitar yardıma ehtiyacı olduğu və yardım qıtlığının artdığı xəbərdarlığı edilib.
Human Rights Watch (HRW) Taliban hökumətinə orta və ali təhsilə getmələri məhdudlaşdırılan və qadağan edilən qadınlara qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün təzyiq çağırışları edib.
HRW-nin Əfqanıstan üzrə tədqiqatçısı Fereşta Abbasi deyib: “Taliban-ın hakimiyyəti ələ keçirməsinin üçüncü ildönümü Əfqanıstanda insan haqları böhranının acı xatırlatmasıdır”.