Taliban hökuməti Türkmənistana səfir göndərdi

11:10 29.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyinin administrasiyası rəsmi olaraq Türkmənistana səfir təyin edib.

Hafta.az-ın yazdığına görə, səfir Fəzl Məhəmməd Sabir etimadnaməni Türkmənistanın xarici işlər naziri Rəşid Mərədova təqdim edib.

Türkmənistan xarici işlər nazirinin müavini bir gün əvvəl Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada "Əfqanıstan və Türkmənistanın böyük layihələr həyata keçirmək planları var və bu səbəbdən diplomatik əlaqələrin genişləndirilməsi vacibdir" deyib.

Mərədov öz bəyanatında ümid etdiyini bildirib ki, ikitərəfli diplomatik səylər sayəsində böyük layihələrin praktiki icrasına başlana bilər. O, həmçinin TAPI qaz kəməri və elektrik ötürücü xətti, eləcə də Herat-Turğundi dəmiryolu xətti kimi layihələrin başlanmasından danışıb.

Əfqanıstan İslam Əmirliyinin mətbuat katibinin müavini Həmdullah Fitrat açıqlamasında deyib: "Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Mərədov Fəzl Məhəmməd Sabiri İslam Əmirliyinin səfiri kimi qəbul edib. Mərədov mərasimdə Əfqanıstan və Türkmənistanın mühüm layihələrin həyata keçirilməsi ərəfəsində olduğunu bildirib".

Əfqanıstan İslam Əmirliyi administrasiyası bundan əvvəl Fəzl Məhəmməd Sabiri Türkmənistana müvəqqəti işlər vəkili təyin etmişdi.

Türkmənistan Özbəkistanla yanaşı Əfqanıstanın ən yaxşı münasibətlərə malik olduğu qonşu kimi seçilir.