Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən hafta.az-a verilən məlumata görə, görüşdə idarəetmənin təkmilləşdirilməsi, mövcud problemlərin həlli və yeni çağırışlara çevik yanaşmanın təmin olunması məsələləri müzakirə edilib. Müşavirədə TƏBİB-in struktur bölmələrinin rəhbərləri və tibb müəssisələrinin direktorları iştirak ediblər.
Müşavirədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək bildirib ki, son dövrlər xəstəxanalarda aparılan struktur dəyişiklikləri, klinik proseslərin təkmilləşdirilməsi və icbari tibbi sığorta ilə bağlı yeni qaydalar rəhbər heyətin fəaliyyətinə daha yüksək tələblər müəyyənləşdirir. O qeyd edib ki, keyfiyyətli tibbi xidmət, pasiyentlərin təhlükəsizliyi və nəticəyönümlülük prinsipləri hər bir tibb müəssisəsinin gündəlik prioritetinə çevrilməlidir. İcraçı direktor III MDB Oyunları və Formula-1 yarışlarında göstərilən yüksək tibbi xidmətə görə aidiyyəti tibb müəssisələrinə təşəkkür edib.
Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva icbari tibbi sığortanın tətbiqində mövcud olan təşkilati məsələlər, xidmətlərin düzgün kodlaşdırılması və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova xəstəxanaların media ilə əməkdaşlığında peşəkar yanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
TƏBİB-in “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiyası”nın sədri Çiçək Əhmədova xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ xidmətlərinin təşkilində əldə olunan nəticələr, eyni zamanda, mövcud problemlər və gələcək planlar barədə danışıb.
Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov vətəndaş müraciətlərinin analizi ilə bağlı məlumat təqdim edib və şikayətlərin dinamikasını açıqlayıb.
Müşavirənin yekununda icraçı direktor bildirib ki, gələn ay Bakı şəhərində ilin yekunlarına həsr olunmuş geniştərkibli müşavirə keçiriləcək.