Hazırda Azərbaycanın bölgələrində pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir. Kənd Təsərrüfatı Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il fermerlər tərəfindən 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Artıq tədarük məntəqələrinə kondisiya çəkidə 150 min tona yaxın məhsul təhvil verilib.
Respublikanın əsas pambıqçılıq rayonlarından olan Bərdədə pambıq yığımı davam edir. Məhsulun vaxtında və itkisiz tədarük edilməsi üçün əraziyə kifayət sayda pambıqyığan kombayn, traktor və qoşqular cəlb olunub.
Bu il rayonun fermerləri 11 min hektardan artıq sahədə pambıq becəriblər. Pambıq yığımına 48 kombayn cəlb olunub. Məhsulun mexanikləşdirilmiş üsulla birinci yığımında bir çox sahələrdən hər hektardan 35-40 sentner məhsul götürülür. Fermerlər təhvil verdikləri pambığın pulunu bir həftə ərzində alırlar.
Xatırladaq ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir.