“İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı tam əsassızdır. Bu dəhliz İran üçün heç bir təhlükə törətmir, bu ölkənin Ermənistanla hər hansı əlaqələr qurmasına, layihələr həyata keçirməsinə qətiyyən maneə yaratmır. Zəngəzur dəhlizi 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndinə uyğundur və bu sənəddə İranın adı keçmir, o cümlədən İranın razılıq verib-verməməsinə dair heç bir qeyd yoxdur. Tehranın bu hərəkəti qərəzlidir və buna aydınlıq gətirilməlidir”.
Bunu hafta.az-a açıqlamasında siyasi analitik Bəhruz Quliyev deyib.
O qeyd edib ki, nədənsə İran etirazını yalnız Ermənistana bildirir.
“İranın Ermənistandakı səfiri Sübhani bu ölkənin Təhlükəsizlik Şurasının sədri Qriqoriyanla görüşündə yenidən Zəngəzur dəhlizini özünün “qırmızı xətti” adlandırıb. İranın yeni xarici işlər naziri Seyid Abbas Əraqçi karyerasının ən çətin missiyalarından birini həyata keçirməyə çalışdığını deyib. Bildirib ki, nəinki ölkənin ərazi bütövlüyünü qorumalı, həm də İran üçün həyati əhəmiyyət kəsb edən Ermənistanla sərhədlərin açıq qalmasını təmin etməli olacaq. Əraqçi İranın Türkiyə, Rusiya və Bakı ilə dostluq münasibətlərini pozmaması üçün çalışdığını deyib. İslam İnqilabının rəhbəri isə “anti-İran xarakteri daşıyan Turan dəhlizi” layihəsinə qarşı mövqeyini açıq şəkildə ifadə edib. Əraqçinin söylədikləri məsələnin əsl səbəbini gizlətməyə hesablanıb. Ermənistanla sərhədləri qorumaq adı altında “qırmızı xətt” məsələsini tez-tez xatırlatmaqda İran əslində özünün iqtisadi maraqlarını güdür. Çalışır ki, dəhliz Ermənistandan yox, İrandan keçsin və nəticədə Tehran Avropanın tətbiq etdiyi sanksiyalardan yayına bilsin”.
B.Quliyev hesab edir ki, əgər dəhliz bütövlükdə İrandan keçsə, Tehranın heç bir etirazı olmayacaq, “Turan birliyi” yadına da düşməyəcək. Burada Ermənistan sadəcə tələyə qoyulmuş yemdir.