Bu il minlərlə gənc üçün ali təhsil yolunda mühüm bir mərhələ başa çatdı. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 57 236 nəfər, o cümlədən 6461 subbakalavr ali məktəblərə qəbul olunub. Onlardan 27 956 nəfər dövlət sifarişi əsasında, 29 280 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Ali təhsil müəssisələrinin qəbul planı 96.27 faiz dolub və gənclər üçün yeni üfüqlər açılıb.
Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq. Bu mərhələ ümumi göstəricilərin bir qədər də yüksələcəyinə işarə edir. Ötən ilin müvafiq nəticələri ilə müqayisədə tələbə olanların sayı 1580 nəfər artıb, dövlət sifarişi üzrə qəbul olunanların sayı isə 839 nəfər çoxdur. Bu tendensiya son illər dövlət sifarişli yerlərin artırılması və ödənişsiz təhsil imkanlarının genişlənməsi ilə izah olunur.
Ekspertlər bildirir ki, bu artım həm də orta məktəb təhsilində müəyyən müsbət dəyişikliklərin göstəricisidir. Yüksək bal toplayan abituriyentlərin sayının artması təhsilin keyfiyyətinin yüksəlməsindən xəbər verir.
Plan yerlərinə görə ixtisas qrupları
Bu il plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub - 99.80 faiz. TC altqrupunda isə göstərici 100 faizdir və boş yer qalmayıb. Müsabiqə əvvəlcədən yüksək proqnozlaşdırılsa da, subbakalavrların şansı az idi. Nəticələr də bunu təsdiqləyib, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər. III qrupda hüquq, ingilis dili müəllimliyi və digər populyar ixtisaslar üzrə müsabiqə gərgin keçib, keçid balları digər qruplara nisbətən daha yüksək olub.
II ixtisas qrupunda plan yerlərinin dolma göstəricisi 98.12 faizdir. Burada subbakalavrlar da iştirak edə bilirdi və 3079 subbakalavr bu qrupa qəbul olunub. I qrup üzrə subbakalavrlar üçün də imkanlar mövcud olub. 2842 nəfər qəbul olunub və plan yerləri 92.25 faiz dolub. IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 95.39 faiz və 96.84 faiz dolub.
Bu rəqəmlər göstərir ki, plan yerlərinin dolması yalnız abituriyentlərin yüksək bal toplamasından asılı deyil, həm də dövlət siyasətinin və ali təhsil müəssisələrinin planlaşdırma strategiyasından təsirlənir. Son illər dövlət sifarişli yerlərin artırılması, ödənişsiz təhsilə əlçatanlığın genişləndirilməsi və yeni ixtisasların açılması plan yerlərinin dolma faizini yüksəldir.
Ali təhsil müəssisələrinin vəziyyəti
Ali təhsil müəssisələrinin nəticələrinə baxdıqda, 43 mülki ali təhsil müəssisəsinin 12-də plan yerləri 100 faiz dolub. Bunlara Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi və digər tanınmış ali məktəblər daxildir. Bundan əlavə, 26 ali təhsil müəssisəsində plan yerləri 90 faizdən çox dolub.
Bu göstəricilər göstərir ki, müəyyən universitetlər və ixtisaslar abituriyentlər arasında xüsusi maraq doğurur. Tibb, hüquq və mühəndislik sahələrindəki yüksək rəqabət, tələbələrin seçim davranışına da təsir göstərir. Eyni zamanda, regionlarda yerləşən bəzi universitetlərdə plan yerlərinin nisbətən az dolması isə tələbələrin əsasən paytaxt və böyük şəhərlərdəki ali məktəblərə üstünlük verməsi ilə izah olunur.
Subbakalavrlar və qəbulda vəziyyət
Subbakalavrlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunub. Bu il subbakalavrların sayı 6461 nəfərdir, ötən ilə nisbətən 826 nəfər azdır. Ən çox subbakalavr Azərbaycan Texnologiya Universiteti (589 nəfər), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olunub.
Plan yerləri və dolma faizinə baxdıqda, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olanların 47.75 faiznin, Azərbaycan Texnologiya Universitetinə qəbul olanların 42.04 faizinin subbakalavr olduğu görünür. Bu isə göstərir ki, subbakalavr proqramları müəyyən ali məktəblərdə əhəmiyyətli rol oynayır və gənclərin ali təhsilə çıxış imkanlarını artırır.
Qəbul olanlar avqustun 28-dən sentyabrın 8-dək portal.edu.az vasitəsilə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Boş qalan plan yerləri və müsabiqə
I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 plan yeri boş qalıb. Boş qalan yerlərə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. RK altqrupunda müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfər, Rİ altqrupunda isə 38 nəfərdir. Ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (ingilis dili) ixtisasını seçə bilərlər.
II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Burada da müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayanlar buraxılır. Müvafiq şərtləri ödəyən, amma qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir.
III ixtisas qrupu üzrə 30 plan yeri boş qalıb. DT altqrupu üzrə 3249 abituriyent müsabiqədə iştirak edib, lakin ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Bu qrupda hüquq, ingilis dili müəllimliyi və bəzi texniki ixtisaslar daha çox seçildiyi üçün keçid balları olduqca yüksək olub.
IV qrup üzrə boş qalan plan yerləri 218-dir. Ümumi balı 200-dən, ikinci mərhələ balı 100-dən az olmayanlar müsabiqəyə buraxılır. Bu qrupa aid 233 nəfər müsabiqədə iştirak edib, lakin qəbul olunmayıb. Ümumi balı 150-dən və ikinci mərhələ balı 50-dən az olmayan abituriyentlər yalnız bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər.
V qrup üzrə isə 144 plan yeri boş qalıb. Burada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər.
Boş qalan plan yerlərinin siyahısı avqustun 27-də “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq.
Yüksək bal toplayan, lakin qəbul ola bilməyən abituriyentlər
Bu il maraqlı və diqqət çəkən məqam yüksək bal toplayan, lakin ali təhsil müəssisəsinə qəbul ola bilməyən abituriyentlərin olmasıdır. 600-dən yuxarı bal toplayan 10 nəfər universitetlərə qəbul olunmayıb. Əksəriyyəti IV ixtisas qrupunda tibbi ixtisas seçənlərdir.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu, sistematik problemə işarədir.

Qeyd edib ki, tibb ixtisaslarına müraciət edənlərin sayı on minlərlədir, lakin plan yerləri cəmi 2000-ə yaxındır.
Ekspertin fikrincə, nəticədə, bəzi ixtisaslarda keçid balı 650-dən yuxarı olub və 610–620 bal toplamaq belə yetərli olmayıb:
“Təhsil haqqında” Qanunun 14-cü maddəsində dövlətin təhsilin inkişafı üçün proqnozlar hazırlaması, kadr hazırlığını əmək bazarının tələblərinə uyğun təşkil etməsi birbaşa göstərilir. Ancaq faktiki vəziyyət göstərir ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə elmi əsaslandırılmış proqnoz hazırlayıb, nə də geniş ictimai müzakirə təşkil edib. Nazirlik illərdir, artan marağı görsə də, tibbi ixtisaslarda plan yerlərinin sayını adekvat şəkildə artırmayıb. Halbuki dünya təcrübəsi göstərir ki, bu sahədə tələb artdıqca dövlət ya əlavə dövlət sifarişi ayırır, ya da yeni tədris mərkəzləri yaradır. Məsələn, Türkiyədə son on ildə tibb fakültələrinin sayı iki dəfədən çox artırılıb, Almaniyada isə regionlar üzrə həkim çatışmazlığına cavab olaraq xüsusi kvotalar tətbiq edilib. Azərbaycanda isə hələ də plan yerləri ilə real tələbat arasında kəskin uyğunsuzluq qalır”.
Ekspert əlavə edir ki, abituriyentlərin seçim davranışı da nəticəyə təsir edir. Bir çox gənc yalnız bir neçə ixtisas kodu yazır, bu da qəbul şansını azaldır.
Təhsil eksperti Elçin Süleymanov bildirir ki, keçən illə müqayisədə müəyyən qruplarda keçid ballarının düşməsi və plan yerlərinin artması müşahidə olunub.

Birinci cəhddən plan yerlərinin dolması bu il daha çox olub. Keçid ballarının aşağı düşməsi, əsasən I və II qruplarda dövlət sifarişli yerlərin artırılması ilə izah olunur. III qrupda isə müsabiqə gərgin keçib, burada hüquq, ingilis dili müəllimliyi və digər populyar ixtisaslara maraq yüksək olub.
Mütəxəssis əlavə edir ki, yeni açılmış ixtisaslar da tələbələrin seçimində önəmli rol oynayıb:
“Məsələn, data analitikası sahəsi ilk dəfə təqdim olunmasına baxmayaraq, yüksək bal toplayan abituriyentlər tərəfindən seçilib. Eyni zamanda, Qarabağ Universitetində tibb və tibbi bacı proqramları açılıb. İxtisaslar ilk dəfə açılmasına baxmayaraq, yüksək bal toplayan abituriyentlərin seçimi oldu. Ümumilikdə, keçən illə müqayisədə ciddi bir fərq olmasa da, müəyyən qruplarda keçid ballarının düşməsi və plan yerlərinin artması halları müşahidə olundu. Beləliklə, ümumi müsabiqədə iştirak edən abituriyentlərin seçim şansları genişləndi”.