Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan ərazisində Kremlin himayəsində bəslənən separatçı-terrorçu rejimin qondarma "təhlükəsizlik şurası"nən katibi, Xocalı qatili, general-mayor Vitali Balasanyan rejim başçısı Arayik Arutyunyanın "sərəncamı"yla tutduğu vəzifəsindən azad edilib.
Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,
V.Balasanyanın yerinə qanunsuz "milli təhlükəsizlik xidməti"nin direktor müavini Ararat Melkumyan təyin edilib.
Melkumyan 1-ci Qarabağ müharibəsi başlanandan qondarma "özünümüdafiə ordusu"nda zabit kimi xidmət edib. O, 1991-ci ildən əli yüzlərlə soydaşımızın qanına batmış beynəlxalq səviyyəli terrorçu Monte Melkonyanın komandirliyi altında vuruşub. Sonradan polkovnik rütbəsinə qədər yüksəlib. 2016-cı ildə "N saylı hərbi hissə"nin komandirinin döyüş hazırlığı üzrə müavini olan Ararat Melkumyanın komandanlığı altında olan dəstə həmin ilin aprelində əks-hücuma keçən Azərbaycan qüvvələrinin irəliləyişini dayandırıb. O, aprelin 4-də yaralanıb. Bundan sonra Ermənistanın 1-ci dərəcəli “döyüş xaçı” ilə təltif edilib və general-mayor rütbəsi alıb.
44 günlük müharibədə o, əsasən Xocavənd rayonunun "özünümüdafiə" məsələləri ilə məşğul olub. 22 noyabr 2020-ci il tarixində "Ermənistan-Azərbaycan müharibəsində Artsax qarşısında müstəsna xidmətlərinə görə" general-mayor Melkumyan "artsax qəhrəmanı" "ali" adına layiq görülüb.
Xatırladaq ki, bir müddət əvvəl yeni "dövlət naziri" Ruben Vardanyanla Vitali Balasanyan arasında qarşıdurmanın dərinləşməsi və hətta V.Balasanyanın Vardanyanın təşkil etdiyi son mitinqə qatılmaması haqda xəbərlər yayılmışdı...