Hazırda paytaxtda əvvəlki illərdə olduğu kimi sürətli tikinti müşahidə olunmur.
Bu fikirləri hafta.az-a daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri torpaq sahələrinin baha olmasıdır:
“Eyni zamanda, satışda köhnədən qalan ucuz evlər var. Həm də tikinti materiallarının qiyməti sürətlə arta-arta getməkdədir. Bu tendensiyanın nə vaxta qədər müşahidə olunacağı isə bəlli deyil.
Bu gün kvadratı 1500 manata satışa başlayan şirkət sabah həmin mənzili 1700-1800 manata qaldırsa, ona alıcı yaxın durmayacaq. Lazımdır ki, burada bazar formalaşsın. Bu gün bazarda qeyri-sabitlik var. Digər tərəfdən, əksər tikinti materiallarının vergidən azad olunması vacibdir.
Tikinti şirkətlərinə dövlət tərəfindən hansısa yumşalmalar olmalıdır. Məsələn, hazırda paytaxtda tikinti üçün torpaq sahəsi məhduddur. Bakı şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olduğu qeydə alınan100-dən artıq bina var. Eyni zamanda, istismar müddəti başa çatan yüzlərlə bina mövcuddur. Bunlar mərhələli şəkildə sökülüb yerində yeni bina tikilməlidir. Bu işləri dövlət aparmır, nə də dövlət sifarişi ilə həyata keçirilmir. Əslində, dövlət prosesə nəzarət etməlidir ki, özəl şirkətlərlə söküləcək ərazidə yaşayan sakinlər arasında narazılıq yaranmasın”.