Dövlət sifarişi əsasında müxtəlif kateqoriyadan olan insanlar üçün tikilən mənzillərin sayı dəqiq məlum deyil.
Bu fikirləri hafta.az-a daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib.
Onun sözlərinə görə, bu proses hazırda da davam edir və mənzil növbəsində çoxlu sayda insan var:
“Bu gün dövlət sifarişi əsasında məcburi köçkünlərə, müharibə əlillərinə, şəhid ailələrinə və s. mənzillər tikilir. Eyni zamanda, MİDA-nın sifarişi ilə çoxmənzilli sosial binalar tikilir. Təbii ki, bu işlərin hamısı dövlətin sifarişi əsasında ayrı-ayrı özəl şirkətlər tərəfindən icra olunur. Hazırda da bu istiqamətdə işlər aparılır deyə, ortada hansısa konkret rəqəm yoxdur.
Təhlillər onu deməyə əsas verir ki, tikinti xərcləri ötən illərlə müqayisədə xeyli dərəcədə artıb. Tutaq ki, ötən illərə qədər tikinti şirkətləri üçün tikintinin 1 kvadratmetrinin xərci təxminən 250 manatdan 400 manata kimi də dəyişirdi. Daha vip binalarda isə bu rəqəm bir qədər yüksək olurdu.
Bu gün isə artıq xərc o deyil. Bir il ərzində tikinti materiallarının qiymətində kəskin artım müşahidə olunub. Əksər tikinti materiallarının qiyməti hətta 2 dəfəyə qədər bahalaşıb. Tikintinin qiymətini artıran amil həm də tikilinin yerləşdiyi ərazidir. Məsələn, bir tikinti şirkəti Xırdalanda və “Sahil” metrosu yaxınlığında eyni keyfiyyətdə iki bina təhvil verib. Şəhərdən kənarda yerləşən binada mənzilin 1 kvadratmetri 1000 manata, şəhərin mərkəzində isə 2000 manata təklif olunur.
Mərkəzdə tikintiyə yararlı torpaq sahəsi olduqca bahadır. Təbii ki, torpağa çəkilən xərc də tikinti xərcinin üzərinə gəlinir. Bu gün dövlət xətti ilə tikilən binalar var ki, qiymətlər fərqlidir. Məsələn, MİDA-nın satışa çıxardığı mənzillər mövcuddur. Həmin mənzillərin qiyməti o ərazilərdə digər tikinti şirkətlərinin təklifinə baxanda çox ucuzdur. Onlar torpağa pul verməyiblər və sadəcə tikinti, təmir xərcləri üst-üstə gəlinib və vətəndaşa da həmin xərclərə uyğun qiymət təklif olunub. Tutaq ki, MİDA mənzilləri Yasamalda təmirli vəziyyətdə 1 kvadratmetri təqribən 900 manata təklif olunur. Həmin ərazidə Şərifzadə küçəsinin yaxınlığında isə bu rəqəm 1600-2000 manat civarındadır. Demək olar ki, yarıbayarı qiymət fərqi var”.