Tort – iştahları qabardan bu qida növü yaşından asılı olmayaraq, hər kəsin sevimlisidir. Onu müxtəlif damaq dadlarına uyğun çeşidlərə ayırmaq mümkündür. Tarixi isə qədimdir. İlkin olaraq çörəyin üzərində müxtəlif yeniliklər etməklə hazırlansa da, bugünkü forma və çeşidlərinə kökələrin təkmilləşdirilməsi ilə çatmışdır. O dövrdəki tortlar indikindən fərqli olaraq ballı çörəklər şəklində təqdim edilirdi. Sobada bişirmə texnikasını ilk dəfə inkişaf etdirən isə antik Misir mədəniyyəti olmuşdur.
Bu gün ölkəmizdə müxtəlif markalar altında fəaliyyət göstərən çox sayda tort mağazaları var.
Qiymətlər
Hafta.az yerli “bazar”larda tortların qiyməti və keyfiyyəti ilə bağlı araşdırma apardı. İlk olaraq bir məqamı diqqətinizə çatdıraq ki, tortlar hər müəssisədə müxtəlif qiymətlərə təklif edilir. İndi satış məntəqələrindən çəkisindən asılı olaraq, 2 manat 50 qəpiyə də tort əldə etmək mümkündür. Ən yüksək məbləğli sifarişlərə gəldikdə isə bu, adətən, tortun çəkisindən asılı olaraq dəyişən göstəricidir. Belə tortlar əsasən özəl günlər üçün xüsusi olaraq sifariş edilir. Qiymətləri isə 80 manatdan başlayaraq 100-150 manata qədər dəyişir. Bundan başqa mağazaların demək olar ki, hər birində tortlar xüsusi şüşə vitrinlərin içində, üstüaçıq formada saxlanılır. Satıcılar gələn bütün məhsulların maksimum 1-2 gün müddətində satılıb-qurtardığını deyirlər.
Üz tutduğumuz ilk məkan məşhur şirniyyat evi - “AZZA” oldu. Burada ən balaca tortun qiyməti 9 manatdan başlayır. Mağazada mövcud olan ən bahalı məhsul – 35 manatlıq nisbətən iriölçülü tortlardır:
“Bizdə tortlar çəki ilə deyil, nəfər sayı ilə hesablanır. 5-7 nəfərlik tortlar 9 manatdan başlayaraq 11 manat 50 qəpiyə kimi dəyişir. Tortların qiymətinin baha olması onun tərkibi və ölçüsündən asılıdır. Tərkibləri isə əsasən, meyvəli, şokoladlı, qaymaqlı olur. Burada ümumiyyətlə sifariş qəbul edilmir. Hazırlanan bütün tortlar mağazalara gəldikdən qısa müddət sonra satılır. Alınmayan məhsul qaldıqda isə təkrar müəssisəyə qaytarılır. Özəl günlər üçün üzərinə “Doğum günün mübarək” kimi sözlərin yazıldığı tortlar sifariş əsasında deyil, müəssisə tərəfindən standart olaraq hazırlanır. Hazır satılan hər bir məhsulun altında istehsal tarixi və istifadə müddəti qeyd olunur. Tərkibləri haqqında məlumat isə önlərinə qoyulmuş lövhəciklərdə öz əksini tapır”.

Digər sevilən şirniyyat evi olan “Bon Appetit”də isə tortların 1 kiloqramının satışı 20 manatdan başlayır. Müəssisənin əməkdaşı Ramil Əliyev bəzi tortların digərləri ilə müqayisədə bir qədər bahalı olduğunu söyləyir:
“Bəzi tortların 1 kiloqramı 30 manatdır. Qiymət fərqi yaradan başqa məqam isə çəki və növlərdir. Müəssisə olaraq 1 gün öncədən müştərilərdən sifarişlər qəbul edilir. Hazır satılan hər bir məhsulun üzərində satışa çıxarıldığı gün və saxlanma müddəti qeyd olunur”.
“Azcake” firmasında da qiymətlər digər müəssisələrdən fərqlənir. Sözügedən şirniyyat evində sifarişlə hazırlanan tortların 1 kiloqramının qiyməti 14-18 manat arası dəyişir.
Tərkibinə gəldikdə isə bunun qiymət ilə heç bir əlaqəsi yoxdur. İstər meyvəli, istərsə də şokoladlı, yaxud karamelli olsun, hər biri eyni qiymətədir. Satıcı ən çox alınan tort ölçüsünün əsasən 1-1.5 kq çəkidəkilər olduğunu söylədi. Onun sözlərinə görə, qiymət fərqi yaradan ilkin səbəblər çəki və bəzədilmədir. Ümumilikdə, müəssisədə ən ucuz tortlar xırdaölçülü olur – 2 manat 50 qəpikdən başlayan qiymətlərlə satılır.
Tortları neçə gün saxlayaq?
Tortların nə qədər təmiz və steril şəkildə saxlanıldığını görsək də, ziyanverici mikroorqanizmləri gözlə görmək mümkün deyil. Bu şirin məhsulu əminliklə yemək üçün gərək mütəxəssislərin tövsiyələrinə əməl edək. Mütəxəssis rəyinə gəldikdə isə, bu səpkidə suallarımızı qida texnoloqu Ağa Salamov cavablandırdı. O bildirdi ki, düzgün formada saxlanmayan bu şirin məhsul bizi zəhərləyə bilər:
“Tortlar tərkib etibarilə cürbəcür olur - süddən, yumurtadan, kərə yağından hazırlanır. Bunlar bir qədərt riskli qidalardır. Düzgün şərtlərlə saxlanılmadıqda, uzun müddət vitrində qaldıqda, zərərli mikroorqanizmləri özlərində cəmləşdirə bilir. Belə məhsulları müsbət 2-4 dərəcədə və yalnız 2 gün müddətində saxlamaq olar. Satılmayan məhsul daha sonra mütləq şəkildə soyuducuya qoyulmalıdır”.
Mütəxəssis soyuducuda saxlanılan tortun 2 ay müddətində təzəliyini qoruya bildiyini də vurğuladı. Bu işi isə kor-koranə görmək olmaz:
“Dərin dondurucuda olan tortları 2 ay müddətində saxlamaq olar. 2 aydan sonra isə dadında müxtəlif dəyişikliklər yaranmağa başlayacaq. Bir məqamı unutmaq olmaz ki, tortlar yad qoxuları özünə tez çəkir. Ona görə də tortu qoxusu olan qidaların – toyuğun, balığın, ətin yanına qoymaq qəti qadağandır. Yaxşı olardı ki, tortun saxlandığı soyuducular sırf şirniyyat üçün nəzərdə tutulmuş olsun. Adicə içiətli peroşkini belə tortla eyni soyuducuda saxlamaq səhv yanaşmadır”.
Bundan başqa, A.Salamov tort alarkən və saxlayarkən diqqət edilməli bir neçə məqamı oxucuların diqqətinə çatdırdı:
“Vitrində normal temperaturda saxlanılmış tortun üstü açıq olmamalıdır. Çox vaxt biz belə hallarla rastlaşırıq. Satıcı hər dəfə bir məhsulu satanda bütün tortlar açıq hava ilə mütəmadi təmasda olur. Bu zaman ora milçək belə girə bilər. Belə halların yaşanmaması üçün şəffaf ovalformalı qablarla hər bir tortun ayrılıqda üzərini örtmək lazımdır. Dərin dondurucuda saxlandıqda isə çox vaxt tortları “streç” və “falqa” ilə bağlayırlar. Bu da məhsulun həm görünüşünü, həm də keyfiyyətini pozur. Bu zaman ən yaxşı üsul mətbəx üçün nəzərdə tutulmuş paslanmayan metal qablardan istifadə etməkdir. Yapışmasın deyə, yağlı kağızdan istifadə etmək olar”.
Resept
Sadə tortun hazırlanmasına gəldikdə isə texnoloq sağlam qidalanmanı nəzərə alaraq şəkərsiz, unsuz “brauni”nin hazırlanma qaydasını oxucularla paylaşdı.
Şəkərsiz unsuz Brauni
Yumurta - 4 ədəd
Damla şokolad - 180 qr
Kakao - 2 x/q
Qabartma tozu - 1 paket
Qoz rəndə - 100 qr
Hazırlanma qaydası :
1. Şokolad su buxarında əridilir.
2. Yumurtaların ağı sarısından ayrılır.
3. Yumurtanın ağı krem halını alanadək 2 dəqiqə ərzində əl mikseri ilə qarşıdırılır.
4. Yumurtanın sarısına əritdiyimiz şokolad və kakao tozunu əlavə edib əl mikseri ilə 2 dəqiqə qarışdırılır.
5. Yumurta ağından hazırlanan kremi və qabartma tozunu qarışığa 3 dəfədən əlavə edərək qarışdırırıq.
6. Yumru tort formatının içinə yağlı kağız qoyub qarışığı əlavə edirik, üstünə rəndələnmiş qoz tökürük və isti sobada 170°C-də 30 dəqiqə bişiririk.
Nuş olsun!