Son vaxtlar ölkə gündəmində açıq havada maska qadağasının götürüləcəyi və toylara müəyyən şərtlər daxilində icazə veriləcəyi ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Bu barədə ötən günlərdə TƏBİB-in Xəstəliklərin profilaktikası və nəzarəti departamentinin müdiri Yaqut Qarayeva AzTV-dəki çıxışı zamanı da danışıb. O bildirdi ki, Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.
Bir ildən çoxdur toysuz qalan ölkə vətəndaşları təbii olaraq bu xəbəri sevinclə qarşıladı. Sosial şəbəkələrdəki müzakirələrdən belə aydın oldu ki, indidən növbəti aylar üçün restoranlarla yer danışanlar, gün təyin edənlər də az deyil. Bəs görəsən prosesin icrası yenidən epidemioloji vəziyyətin pisləşməsinə səbəb ola bilərmi? Hazırkı vəziyyətdə açıq havada maskasız gəzməyə, həftə sonları ictimayi nəqliyyata və toyların təşkilinə qoyulan qadağaların götürülməsi nə dərəcədə realdır?
Hafta.az-ın əməkdaşı mövzunun müzakirəsini Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva ilə davam etdirir. O bildirdi ki, hazırda dünyanın, xüsusən də Avropanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq edilmiş sərt karantin rejimi tədricən yumşalmağa doğru gedir. Bizdə də vəziyyət ürəkaçandır:

“Bu dövlətlərdə karantin qaydalarının tətbiqinə nəzarət edən qurumların, mütəxəssislərin rəyi əsasında tələblərə riayət olunmaqla ictimai iaşə obyektləri, restoranlar fəaliyyətə başlayıblar. Amerikada və İsraildə açıq havada maskasız gəzməyə icazə verilir. Təcrübələr də göstərir ki qaydalara ciddi riyayət edən və əhalisinin çox hissəsi vaksinasiya olunan ölkələrdə yoluxma kəskin sürətlə aşağı düşür. Azərbaycanda da vəziyyət müsbətə doğru irəliləməkdədir. Ölkə rəhbərliyi pandemiyanın ilk vaxtlarından etibarən qabaqlayıcı tədbirlər həyata keçirdi. Prezidentin səyi və şəxsi nüfuzu sayəsində Azərbaycan vaksinasiyaya start verilən ilk ölkələrdən oldu. Artıq əhalimizin 20%-dən çoxu peyvənd olunub. Son vaxtlar yoluxma sayı da kəskin aşağı düşüb. Həmçinin ölənlərin sayı azalıb və sağalan xəstələrin sayı günü-gündən artmaqdadır. Vəziyyətin daha da normallaşması üçün əhalimiz könüllü şəkildə vaksin olunmalıdır”.
Millət vəkili toyların müəyyən qaydalar çərçivəsində bərpasının tərəfdarı olduğunu da vurğuladı:
“Respublikamızda toyların və kütləvi tədbirlərin həyata keçirilməsinə qərar da bildiyiniz kimi Nazirlər Kobineti yanında Operativ Qərargah tərəfindən verilir. Burada da kifayət qədər təcrübəli mütəxəssislər fəaliyyət gösdərir. Onlar respublikamızda epidemioloji vəziyyəti daima nəzarətdə saxlayırlar. Elə son dövrlərdə bir sıra yumşaldılmalar oldu. Bu sayədə rayonlara gediş-gəliş bərpa edilib. İndi əhalini düşündürən ən əsas məsələ toylara icazə verilməsidir. Mənə elə gəlir ki, Operativ Qərargah yaxın vaxtlarda bu mövzu ilə bağlı da müsbət qərar verəcəkdir. Respublikada epidemioloji vəziyyət imkan verdiyi təqdirdə müəyyən qaydalar çərçivəsində toyların təşkili həyata keçirilə bilər. Toyların bərpa edilməsi həmçinin əhalinin məşğulluq səviyyəsinə də öz müsbət təsirini göstərəcək. Yenə də hər bir halda son qərarı operativ qərargah verməlidir”.
O ki qaldı həftəsonu nəqliyyatın fəaliyyətindəki məhdudiyyət və açıq havada maska taxmaq məsələlərinə, K.Əliyeva bu qaydaların da yumşaldılmasının leyhinə olduğunu söylədi:
“Nəzərə alsaq ki, artıq yay fəsli başlayıb, havalar olduqca istidir, epidemioloji vəziyyət də imkan verir ki açıq havada maska qadağası götürülsün. Həmçinin insanlarımızın həftə sonları isitrahətinin səmərəli təşkili üçün həmin günlərdə nəqliyyatın fəaliyyətinin bərpasının leyhinəyəm və bunu təklif edirəm”.
Qeyd edək ki, ölkədə ötən ilin mart ayından etibarən kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub.