Toyuğu timsahlara atan şəxsi iki il həbs gözləyir

09:45 26.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyada vəhşi təbiət parkında yetişdirilən həbəş toyuğunu timsahlara atan şəxsi həbs və cərimə gözləyir.

Hafta.az-ın “New York Post”a istinadən yazdığına görə Yeni Cənubi Uelsdə keçirilən dinləmədə Peter Smit heyvanlara qarşı amansızlıqda günahını etiraf edib.

58 yaşlı Smit iki il həbs və 24084 dollar cərimə ilə üzləşə bilər.

Məhkəmə sənədlərinə görə, hadisə yanvarın 2-də Yeni Cənubi Uelsin Hunter bölgəsindəki Oakvale Farm and Fauna World vəhşi təbiət parkında baş verib. Bildirilir ki, Smit parkda saxlanılan “Betti Uayt” adlı həbəş toyuğunu timsahların üstünə atıb.

Polisin verdiyi məlumata görə, Smit toyuğu qəfəsdən çıxararaq parka gələnlərin gözü qarşısında timsah qəfəsinə atıb.

Oakvale Farm-ın sahibi Kent Sansom baş verənlərdən təəssüfləndiklərini ifadə edərək, "43 ildən sonra ilk dəfədir ki, bir ziyarətçi heyvan sığınacağında bu qədər qəddarlıq edir" deyib. Sansom, toyuğun parkın nəsli kəsilməkdə olan növlərin qorunması proqramının bir hissəsi olduğunu və cücələrə surroqat ana rolunu oynadığını söyləyib.

Digər tərəfdən, Smitin vəkili Bryan Urenç vəziyyəti "olduqca qeyri-adi bir məsələ" kimi xarakterizə edib. Vəkil, müvəkkilinin "timsahı ac gördüyü üçün ona yemək vermək istədiyini" iddia edərək, Smitin heç bir cinayət keçmişinin olmadığına diqqət çəkib. Hakim Kirrali Perri bildirib ki, vəziyyəti yüngül qəbul etmək olmaz.

Smitə noyabrın 20-də hökm oxunacaq.