Turizm bölgələrimizdə qiymətlər əl yandırır - oteldə günlük qiymət 150-200 MANAT

15:46 16.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Turizm bölgələrimizdə qiymətlər dəhşətdir. Gedirsən rayonda adicə bir otelə günlük qiymət 150-200 manatdır. Əslində son illər bizdə müəyyən şərait yarandığından, turizm imkişaf etdiyindən insanlarımız ölkə daxilində istirahət etməyə çalışırlar. Eyni zamanda, pandemiya ilə əlaqədar çox adam xaricə getmək istəmir. Ona görə də qiymət məsələsi araşdırılmalıdır, müəyyən monitorinqlər aparılmalıdır. Şişirdilmiş qiymətlər olmamalıdır”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkili vurğulayıb ki, hazırda istirahət mərkəzlərində kim hansı qiyməti istəyir, onu diktə edir: “Aidiyyəti qurumlar bu işlə məşğul olmalıdırlar. Kim nə qiymət istədi onu qoymamalıdır. Əhali məcburdur. Neyləsin axı? Çıxır gedir istirahətə, 1 həftə yaxud 10 gün dincəlmək istəyir, orda da qiymətlər yüksək olduğu üçün əziyyət çəkir. Azərbaycanda bu problem var. Baxmayaraq ki, hər bir rayonda kifayət qədər həm iaşə obyektləri açılıb, həm də digər məsələlər öz həllini tapıb. Yenə də qiymətlər yüksək olaraq qalır. Bu sahədə çalışanlar insanların kənara çıxa bilməməsindən sui-istifadə edərək daxildə qiymətləri bahalaşdırırlar”.