Türk dövlətləri indidən Türkiyə TIR-larına yasaq qoyurlar

11:00 10.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Son vaxtlar Türkiyənin Orta asiya türk dövlətləri ilə ticarət-daşıma şəbəkəsində problemlər yaranmaqdadır. Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan kimi ölkələrə yükdaşıma dayanma nöqtəsinə gəlib".

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə Beynəlxalq Nəqliyyat Daşımaları Dərnəyi İdarəetmə Şurasının üzvü Abdullah Özər deyib. O bildiirb ki, son üç il ərzində yükdaşımanın həcmi hardasa üç dəfə azalıb. "Üç il əvvəl regionda yükdaşımanın 90 faizini türk şirkətləri həyata keçirirdisə, bu gün həmin rəqəm 30 faizədək azalıb. Davam edən problemlər səbəbindən iki mkindən çox müqavilə ləğv olunub, 40-dan çox yükdaşıma şirkəti iflas həddinə çatıb. Bu vəziyyətə isə iki il öncə koronavirusa görə Türkmənistanın bütün sərhədlərini bağlaması ilə düşdük. O vaxt yükdaşımalar alternativ varinat kimi Qazaxıstan ərazisindən keçən yollardan istifadəyə başladı. Amma Qazaxıstan da Türkiyə TIR-larına tətbiq etdiyi tranzit rüsumunun həcmi problemi zirvəyə yüksəltdi" deyən A.Özər əlavə edib ki, bütün bu problemlərin qarşısı dövlət tərəfindən alınmazsa, Türkiyənin yükdaşıma şirkətləri ümumilikdə 5 milyard dollaradək ziyana düşə bilər.

“Qazaxıstandan sadəcə Türkiyə nömrəli maşınlar keçə bilmir. Bütün ölkələrdən gələn TIR-lara icazə verilir, yalnız Türkiyəninkilərə yox. Nəzərə alsaq ki, yükdaşımalarla bağlı minlərlə müqavilə imzalanıb, Qazaxıstanın qoyduğu yasaqlar Türkiyənin yalnız bu ölkəyə deyil, bütün Orta Asiya dövlətləri ilə ticarətində problemlər yarada bilər. Beynəlxalq qanunlara əsasən yükdaşımalarda tranzit keçid haqqı yasaq oluna bilməz, amma Qazaxıstan bu qanunları vecinə almır. Türkiyənin 2021-ci ildə bölgəyə ixracatının həcmi 10 milyard dolları aşıb. Əgər çətinliklər aradan qaldırılmazsa, gələn il bu rəqəm 5 milyard dollaradək azalacaq’’, - deyib A.Özər.

Qeyd edək ki, Qazaxıstan hökuməti belə bir qərarı verməklə öz yükdaşıma şirkətlərinin fəaliyyətini gücləndirməyə çalışır.

Özər qeyd edib ki, quru daşımaçılığında yeganə seçim Azərbaycan üzərindən keçib, daha sonra Xəzərdən bərə ilə Orta Asiyaya yönəlməkdir. Amma bu da maliyyəti artırır və hər TIR başına 2,5 min dollar əlavə xərcə səbəb olur. Xərcin çox olması səbəbindən də istehsalçı şirkətlər yüklərini bu yolla daşımaq istəmirlər. "Başqa bir problem isə Azərbaycanın Türkiyə TIR-larından aldığı tranzit haqqıdır. Hər TIR üçün 320 dollar keçid haqqı alınır, yox əgər yük maye yanacaq və ya kimyəvi maddədirsə, o zaman tranzit rüsumu 600 dolaradək artır. Bizdəki məlumatlara görə, bu rüsum ancaq Türkiyə TIR-larından alınır. Odur ki, sektor olaraq rəsmi Ankaranın bu məsələyə aydınlıq gətirməsini istəyirik", - A.Özər bildirib.