Türk Hava Yolları (THY) ABŞ və Venesuela arasında yaşanan gərginlik fonunda Venesuelaya uçuşlarını dörd gün müddətinə dayandırdığını elan edib.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türk Hava Yolları 24-28 noyabr tarixlərində İstanbul-Karakas marşrutu üzrə uçuşlarını müvəqqəti olaraq təxirə salıb. Səyahət agentliklərinə göndərilən yazılı bildirişdə şirkət sözügedən tarixlərdə uçuş əməliyyatlarında fasilələr olacağını və buna görə də sərnişinlərin alternativ reyslərə yönləndirilməli olduğunu bildirib.
Qərar ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) Venesuela hava məkanı ilə bağlı vermiş olduğu "hərbi fəaliyyətin artması" və "təhlükəsizlik riskləri" barədə xəbərdarlığına əsaslanır. Bu səbəblə bəzi beynəlxalq aviaşirkətlər regiona uçuş əməliyyatlarını yenidən nəzərdən keçirməyə başlayıblar.
Belə ki, İspaniyanın "Iberia", Portuqaliyanın TAP, Çilinin LATAM, Kolumbiyanın "Avianca", Braziliyanın GOL, habelə Trinidad və Tobaqonun "Caribbean Airlines" aviaşirkətləri uçuşların dayandırıldığını elan ediblər.