Bu gün tək Türkiyənin deyil, bütün dünyanın ən vacib məsələsi, ən çox müzakirə olunan söhbəti Kahramanmaraş mərkəzli zəlzələ və onun fəsadlarıdır. Hətta Rusiyanın Ukraynada bir ildir apardığı amansız müharibə belə zəlzələnin toz-dumanında görünməz olub.
Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün türk hökuməti, özəl və dövlət şirkətlər, sıravi vətəndaşlar zərərçəkmiş insanların dərdini yüngülləşdirməyə çalışır. Hətta Türkiyəyə dəstəyini əsirgəməyən onlarla xarici dövlət, həmin dövlətlərin sıravi vətəndaşları belə zərər çəkmiş insanlara imkanları daxilində dəstək olmağı özünə borc bilir. Ancaq təəssüf ki, Türkiyənin öz daxilində adını müxalifət qoymuş və “6-lı masa”da ölkəni təxribata sürükləməklə məşğul olanlar var.
Qərbin agentləri
Əlimdəki son məlumata görə, zəlzələ nəticəsində 32 min civarında insan həlak olub, 80 min nəfər yaralanıb, minlərlə bina yerlə bir olub, yollar sıradan çıxıb və sair. İlkin hesablamaya görə hardasa 85 milyard dollar ziyan dəyib ölkəyə. Əlbəttə, bu qənaətə Türkiyə Müəssisə və İş Dünyası Konfederasiyası (TÜRKONFED) öz araşdırmaları nəticəsində gəlib. Onlar deyir ki, zərərin 71 milyard dolları mənzil itkisi, 10,4 milyard dolları milli gəlir itkisi, təxminən 3 milyard dolları isə iş yerinin itirilməsi fonunda ortaya çıxıb. Təbii ki, etiraz ediləsi heç nə yoxdur, fəlakətin miqyası göz önündədir, hətta 85 milyard dollardan da çox ola bilər zərər.

Bu məqaləni yazmaqda məqsədim yuxarıda da qeyd etdiyim kimi, Cümhuriyyət Xalq Partiyasının (CXP) timsalında türk müxalifətinin on minlərlə vətəndaşın həyatına son qoyan məlum amansız zəlzələdən açıq-aşkar özlərinə seçki təbliğatı kimi istifadə etməsinə münasibət bildirməkdir. Türkiyə müxalifətinin onsuz da illər ərzində iqtidarın hər bir uğurunu qaralamağa çalışdığını görmüşük. Ümumiyyətlə, türk müxalifəti düşünür ki, onların işi yalnız iqtidarın etdiyinin eksini etmək və ya dediyinin əksini deməkdir. Sanki prezident Ərdoğan desə ki, qatıq ağdır, Kamal Kılıçdaroğlu və masada başına yığdığı digər qondarma liderlər mütləq qara deməyə məcburdurlar. Dünyada analoqu olmayan müxalifətçilikdir - Qərbin agentləri funksiyasını yerinə yetirirlər.
Görməsəm də bilirəm ki, zəlzələ Türkiyənin 10 vilayətində insan itkilərinə və böyük dağıntılara səbəb olub. Əlbəttə, episentr olan Kahramanmaraş və ya fəlakətin mərkəzinə daha yaxın yerləşən Hatayda, Qaziantepdə daha böyük itkilər qeydə alınıb. Bunlar bəllidir və dövlət hansı vilayətdə yaşamasından asılı olmayaraq bütün vətəndaşlarına sahib çıxıb. Elə isə Kılıçdaroğlunun dərdi-istəyi nədir, niyə öz təbirincə desək, ana müxalifət partiyası olaraq bu böyük fəlakətin öhdəsindən gəlmə prosesində iqtidarla bir ola bilmir? Doğrudanmı, Türkiyənin “6-lı masa” deyilən müxalifət yığını bu cür milli məsələlərdə siyasi rəqabəti və ya mübarizəni bir kənara qoya bilmir? İnsanlar qan ağlayır, ailələr var ki, tamam məhv olub, ailələr var ki, bir anın içində bir neçə üzvünü itirib, Kılıçdaroğlu bu qədər daş ürəklidirmi ki, matəm içində olan xalqın fikrini seçki məsələsinə yönləndirməyə çalışır? CXP və digər müxalifət düşərgəsinin subyektləri heç olmaya fevral ayının sonunadək siyasəti bir yana qoyub sırf fəlakətin nəticələrini aradan qaldırmağa köklənə bilməzdimi?
14 may israrı
Normalda seçkilər iyunun 18-də keçirilməlidir, amma mümkün ikinci turun bayram günlərinə təsadüf edə biləcəyini nəzərə alaraq 14 may tarixi seçilib. Çox maraqlıdır ki, CXP-nin başçılıq etdiyi müxalifət mayın 14-nə üç ay qalsa da, hələ namizədini açıqlamayıb. Niyə, çünki oyun oynayırlar, həm də bu oyunda yalnız türk müxalifəti deyil, ABŞ və Avropa da iştirak edirlər. Kılıçdaroğunun Birləşmiş Ştatlara səfərini, bir andaca müəmmalı şəkildə 7-8 saat qeybə çəkildiyini yəqin ki hamı xatırlayır. Elə Amerika rəhbərliyindəki kimlərinsə Ərdoğanı mütləq devirməyin lazım olduğunu və bunun üçün müxalifətə hər cür dəstək verəcəklərini deməsi də yadımızdadır. Yaxud da, Qərb siyasətinin elçilərinin tez-tez İstanbulda və ya Avropanın hansısa şəhərində türk müxalifətinin öncülləri ilə gizli görüşlər keçirdiyini də bilirik.

Başqa bir məqam var: tutaq ki. mayın 14-də seçki keçirildi, əminsiniz 10 vilayətdə yaşayan 14 milyonluq əzizlərini itirmiş, gözüyaşlı xalqın yadına kiməsə səs vermək düşəcək? Evsiz, konteynerlərdə, çadırlarda yaşayan milyonlarla insan guya bilmir ki, hakimiyyətin dəyişməsi onların gözləntilərini ən azı bir il yubadacaq?
Bu gün Türkiyədə nə baş verir, müxalifətdə təmsil olunanlar bu qədər manqurtlaşıblarmı, bunların hamısı xaindirlərmi? Kılıçdaroğlu, Maral Akşener, yaxud Karamollaoğlu, nə bilim Davutoğlu, Babacan və adını bilmədiyim başqaları doğrudan görmürlər ki, dünya xəritəsinin yenidən bölüşdürülməsi prosesi gedir, Türkiyəni dörd tərəfdən mühasirəyə alıb, bu əzəmətli Vətəni didib-parçalamaq istəyirlər? Bu ölkənin insanlarına nə olub, Təbiblər Birliyinin başqanı öz ordusunu kütləvi qırğın törətməkdə günahlandırır, bir başqası polisi hədəf seçir, başqa biri ölkənin müdafiəsini gücləndirməyə çalışan Müdafiə Sənayesini. Çox qəribədir ki, xalq da sadəcə seyr edir bunları, doğrudan heç kim görmür, anlamır ki, Ərdoğana müxalifətçilik adı altında açıq-aşkar xəyanət edirlər dövlətə və millətə? Adını da demokratiya qoyublar. Əgər sırf ölkədaxili siyasi düşərgənin müxalifəti olmağı bacarırsınızsa, xalqı arxanızca aparacağınıza əminsinizsə, niyə tarixi düşməniniz Yunanıstandan, ölkənizi drijor çubuğu ilə yönəltməyə çalışan ABŞ-dan, Avropadan dəstək dilənirsiniz?
Ərdoğan halal insandır
...Ərdoğan xalqa üz tutaraq deyir ki, çox yox, cəmi bir ilə bütün dağılan binaların yerində daha yaxşısını, daha etibarlısını tikəcəyik. Ərdoğan deyir ki, bu bir ildə bütün infrastruktur bərpa olunacaq, iş yerləri yenidən canlanacaq və ən əsası, insanlara dəyən maddi ziyanların əvəzi ödəniləcək, necə ki, artıq ödəməyə başlayıblar. Təbii ki, bu gerçəkliyi Kılıçdaroğlu görür və bilir ki, Ərdoğan nəsə dedisə, mütləq yerinə yetirəcək. Çünki o, sözübütöv şəxsiyyətdir, onu dünyaya gətirən ana halal südlə böyüdüb, halal yaşamağı, halal iş görməyi öyrədib. Bəs Kılıçdaroğlu, sən kimsən, ağzından çıxan hər cümlə millətə, dövlətə yalanın şahididir, bir ayağın Qərb ölkələrində, bir ayağın FETÖ-nün qapısında hakimiyyətə gəlmək röyasındasan. Sən və komandan iqtidar olmayacaqsınız, bunu dəqiq bilin. Böyük tarix yazmış Türkiyənin 85 milyon insanı sizi də əla tanıyır, Ərdoğanı da.

Kılıçdaroğlu müxalifət ordusunu da arxasına alaraq zəlzələ bölgəsində zərərçəkmiş əhalidə Ərdoğana qəzəb oyatmaq üçün açıq-aşkar təxribat törədir. İlk vaxtlar başladılar ki, zəlzələ şəhərləri dağıdıb, dövlət görünmür, hansı ki, dövlət bütün qolları və arxasında duran xalqla birlikdə fəlakət yerindəydi. Sonra dedilər ki, belə böyük miqyasda fəlakət yaşanıb, Türkiyə acıları ilə təkbaşına qalıb, hansı ki, ilk gündən bütün dünya həm rəsmi, həm də qeyri-rəsmi müstəvidə Türkiyə ilə həmrəylik nümayiş etdirdi və fəlakət zonasına yetişdi. Bundan sonra CXP valı dəyişdi, başladılar ki, Ərdoğanın yanlış siyasəti üzündən ərəb ölkələri dəstək vermir. Bu qədər insafsız olmaq olar, ilk gündən Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, Əlcəzair, Oman və sair səfərbər oldular, on milyonlarla dollar nağd yardımı verildi, minlərlə çadır, konteyner ev, səhra xəstəxanası göndərdilər və hələ də göndərirlər. Kılıçdaroğlunun dilindən düşməyən “qərbli himayədarlar” hardadır, təbii, dəstək veriblər, amma ərəblər qədər yox, niyə onları tərifləyirsiniz. ərəbi isə görmürsünüz? Çünki ərəb müsəlmandır, onlar sizin komminist düşüncə tərzinizdən uzaqdırlar. Almaniya, Yunanıstan, Avstriya, İspaniya, nə bilim başqa Qərb ölkəsi zəlzələ bölgəsində çətinliyin qaldığı bir vaxtda “missiyalarını başa vuraraq” geri qayıtdılar. ərəblərsə yox.
Lənətlənmiş müxaliflər
Zəlzələdən istifadə edərək Ərdoğanın reytinqini azaltmağa çalışan CXP-lilər, əgər dövlət fəlakət bölgəsində yoxdursa, o zaman 8 mindən artıq insanı sağ-salamat daşın-torpağın altından kim çıxarıb? Kılıçdaroğlu, siz o qədər insafsızsınız ki, artıq Avropa ictimaiyyəti, Qərb mediası belə dözə bilmir, haqq səsini qaldırır. Haqqı yeməyin, gün gələr 10 vilayətdə insanların başına tökülən daşlardan daha böyükləri sizin başınıza düşər, lənətlənərsiniz...
Azərbaycanda bir məsəl var: xain xoflu olar. Heç kim seçkini təxirə salmaq barədə düşünmədiyi halda siz niyə xoflanırsınız? Tamam, deyək ki, tarix dəyişdi, siz nədən ehtiyyatlanırsınız. Bir halda ki, xalq sizi istəyir, seçki 3-5 ay sonra da keçirilsə sizə səs verəcəklər, rahat olun. Əslində bilirsiniz ki, səs almayacaqsınız, Cümhuriyyətin 100-cü ilində iqtidara gəlməyəcəksiniz və bu məğlubiyyətdən sonra mütləq tarixin arxivinə gömüləcəksiniz.

Yeri gəlmişkən, “İndependent” və başqa Qərb media orqanları Kılıçdaroğluna qaz vermək üçün məhz Ərdoğanın əleyhdarlarından müsahibələr alaraq seçkinin keçirilmə tarixi ilə bağlı ictimai rəy formalaşdırmaq istəyirlər. Bu cür seçilmiş müsahiblərin hamısı Anayasanın 78-ci maddəsini diqqətə çatdırıb deyirlər ki, seçki yalnız müharibə şəraitində təxirə salına bilər. Maraqlı məqam var ortada: Anayasanı kim yazdı, zəlzələölkəni viran edibsə, 14 milyon insan birbaşa, 20 milyon isə dolayısıyla fəlakətin acı təsirini yaşayırsa, bu halda nə etməli olduğunu niyə yazmadınız Anayasaya? Kılıçdaroğlu, sizə elə gəlir ki, indiki zəlzələ hər hansı müharibədən daha yüngül fəsad verib ölkənizə? Sizə elə gəlir ki, Allah eləməsin, müharibə olsaydı zəlzələ qurbanlarından daha çox insan həlak olacaqdı? Yanılırsınız vallah, əsl müharibə sizing yaşamaq istəmədiyiniz zəlzələ hadisəsidir.
Bu günlərdə Kılıçdaroğulunun Ərdoğana xitabən səsləndirdiyi açıqlamanı oxudum. Adam deyir ki, “Ərdoğan çəkil kənara. Biz gəlib zəlzələdən zərər çəkənlərin yarasını bağlayaq. Sən 1 ilə ev tikə bilməyəcəksən, sənə bir gün belə verməyəcəyik!”. Sanki seçkiqabağı özləri törədiblər zəlzələni ki, Ərdoğanın üzərinə getmək üçün əllərində imkan olsun. Kılıçdaroğlu, 32 min (say arta bilər – V.T.) insanın ruhu qarşısında utan. Sən hakimiyyətə gəlsən heç kimin yarasını sarmayacaqsan. Bilirsən niyə, əvvəla neçə ay öz adamlarınızı yerlərdə hakimiyyətə gətirəcəksiniz, bu proses vaxtı vəzifə uğrunda “6-lı masa” iştirakçıları aarsında əsl müharibə başlayacaq və illərlə öncə olduğu kimi, qurduğunuz iqtidar tezliklə ya dağılacaq, ya da işləməz hala düşəcək. Ən dəhşətlisi isə odur ki, siz iqtidara gələn kimi Türkiyənin bütün sahələrini Qərb nəzarətə götürəcək, bütün milli layihələr ləğv ediləcək, sözün əsl mənasında Türkiyədə yarım müstəmləkə rejim formalaşacaq. Ona görə də nə zəlzələdən zərərçəkmişlər yadınıza düşəcək, nə də ölkənin inkişafı.
Sonda sizi azacıq ədalətli olmağa çağırıram. Anlayırıq, ABŞ sizi məcbur edir ki, nə vasitə ilə olur-olsun, hakimiyyəti devirin. Damarlarınızda azca da olsa türk qanı axırsa, türk millətinin maraqlarını düşünün, onların ah-naləsi içində kreslo davası etməyin. Xalqın dərdlərini birlikdə çözün, fəlakətin xofunu insanların içindən çıxarın, seçki söhbətini sonra edin. Əks təqdirdə etdiklərinizi nə yer götürəcək, nə göy, heç dostunuz Amerikanın təyyarədaşıyan gəmisi də sizi qoruya bilməyəcək…