Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İngiltərə və ABŞ nümayəndələri Somalinin təhlükəsizlik, dövlət quruculuğu, inkişaf və humanitar prioritetlərini müzakirə etmək üçün Moqadişu administrasiyası nümayəndələrinin də iştirakı ilə Vaşinqtonda bir araya gəlib.
Hafta.az-ın yazdığına görə, Moqadişu administrasiyasının “Əş-Şəbab”la mübarizəsinə necə dəstək veriləcəyini və Afrika İttifaqının Somali Tranzit Missiyasının (ATMIS) Somalidən çıxarılmasına necə hazırlanacağını müzakirə edən danışıqlarda tərəflər beynəlxalq təhlükəsizlik yardımının koordinasiyasını gücləndirmək barədə razılığa gəliblər.
ABŞ Dövlət Departamentinin mətbuata verdiyi “birgə bəyanatda” deyilir ki, tərəfdaşlar Moqadişu administrasiyasının terrorla mübarizə və potensialın artırılması səylərinə dəstək ifadə ediblər.
Bu arada, ABŞ “Əl-Qaida”nın Şərqi Afrika qolu olan “Əş-Şəbab” qruplaşmasına qarşı hərtərəfli müharibə elan edən Moqadişu administrasiyasına hərbi dəstək verməyə davam edir. ABŞ-ın Moqadişu səfirliyindən verilən açıqlamaya əsasən, bu günlərdə “Əş-Şəbab”la müharibəyə dəstək üçün 61 ton silah və sursat 2 ədəd C-17 yük təyyarəsi ilə Moqadişu administrasiyasının hərbi qüvvələrinə çatdırılıb.
Qeyd edək ki, hazırda ABŞ-ın Somalidə “Əş-Şəbab”a qarşı mübarizə aparan 450 hərbi qulluqçusu var.