Türkiyə türk dövlətlərinin beynidirsə, Azərbaycan onun ürəyidir - Ekspert

19:19 16.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Ankarada baş tutan fövqəladə Zirvə görüşü qardaş Azərbaycan və Türkiyəni, eləcə də digər üzv dövlətləri yenidən bir araya gətirdi. Bu zirvə qarşıda duran bir çox problemlərin həllinin müzakirəsi ilə yanaşı, Türk Birliyinin yaradılması, möhkəmlənməsi istiqamətində irəliyə doğru atılan növbəti əhəmiyyətli addımlardan biri kimi qeyd olunur.

Türk Dövlətləri Təşkilatlarının fövqaladə zirvə görüşü Türk Birliyinin zəruriliyini bir daha önə çəkməklə, regioana nələri vəd edir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Ramiyə Məmmədova Türk Dövlətləri Təşkilatının fövqaladə Zirvəsi fonunda gündəmə nəzər salıb.

R.Məmmədova bildirib ki, Azərbaycan Prezidentinin Ankara səfəri və Türkiyə Prezidenti Tayyib Ərdoğanla görüşünün detalları tam açıqlanmasa da, görüşdə regionda gedən proseslərin müzakirəsi, birliyimiz naminə deyiləcək, veriləcək sözlər qaçılmazdır. Onun sözlərinə görə, türk dövlətləri Türkiyədə yaşanan dəhşətli zəlzələ fəlakəti fonunda türk qardaşlığı və birliyinin möhkəmləndirilməsi, gələcəyinin uğurlu təminatına birgə nəzər salacaq. Politoloq hesab edir ki, regionda proseslər həddən artıq sürətlə dəyişir. Proseslərə, İranın son zamanlar regionda fəallaşması, Rusiya-İran münasibətindəki gərginliklər, İranın Rusiya-Ukrayna müharibəsində istifadə edərək Ermənistana dəstək verərək regiona girməsi, Türkiyənin zəlzələ fəlakəti və qarşıdan gələn seçkilər müstəvisində diqqət çəkən ekspert belə bir fonda Türk Dövlətləri Təşkilatlarının Zirvəsinin gündəmə gəlməsini əhəmiyyətli hesab edib.

“Regionda marağı olan bəzi dövlətlər düşünürdülər ki, zəlzələ fəlakəti Türkiyənin başın özünə qarışdıracaq və  regiondan çəkiləcək. Ancaq bu Zirvə həmin düşüncələrin yanlış olduğunu göstərdi. Əbəs yerə deyilmir ki, Türkiyə türk dövlətlərinin beynidirsə, Azərbaycan onun ürəyidir. Bu gün Azərbaycanla Türkiyə türk dünyasının birləşməsi istiqamətində çox fəaliyyətlər göstərir və bu yolda addımlayırlar”. 

Ekspert qeyd edib ki, Türk Dövlətlərinin Birliyinin yaranması, birgə ordusunun formalaşmasını istəməyən güclər, dövlətlər var.

“Təşkilatın genişlənməsi region üçün böyük əhəmiyyət daşıyır. Maniələrə baxmayaraq türk dövlətləri birliyi yaradılır. SSRİ dövründə Rusiyanın tərkibində olan türk dövlətlərinin bir çoxu hələ ki, müstəqil addmlar ata bilmirlər. Eləcə də türk dövlətlərinin yaranması Avropa Birliyi kimi ittifaqlara alternativ bir alyansın  yaranmasına doğru irəliləyir. Ona görə də nə İran, nə Rusiya, nə də Qərb, Avropa bu regionda belə bir ittifaqın yaranmasını istəməz. Lakin Türk Birliyinə doğru proses davam edir və Şuşa bəyannaməsindən də irəli gələrək Azərbaycanla-Türkiyə regionda birgə irəliləyir. Türkiyənin başı heç də qarışmayıb. Bu zirvə dünyanın diqqətini bu məqama  çəkəcək”.

R.Məmmədova Türkiyədə baş verən zəlzələ zamanı ilk köməyə gələn ölkənin qardaş Azərbaycan olmasının Türkiyə mətbuatında da dəfələrlə qeyd olunmasına diqqət çəkib. O, bildirib ki, hələ də Azərbaycandan Türkiyəyə yardımların getməsi ilə bağlı məlumatlar yayılır.

“Bu da onu göstərir ki, Azərbaycanla Türkiyənin birliyi sarsılmazdır. Bu dövlərlər millət və dövlət olaraq hər zaman bir-birinə dəstək olurlar. Bu qardaşlığın, birliyin bu dərəcədə yaxınlığının göstəricisidir. Türkiyəyə ilk köməyə gedən Azərbaycan, ən son çıxanda Azərbaycan oldu. Bu Türkiyə mətbuatında dəfələrlə nümayiş edilib”.

R.Məmmədova hesab edir ki, Türk Birliyinin yaranması digər türk dövlətlərinin bu prosesə nə dərəcədə aktiv qoşulmasından asılıdır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyədən fərqli olaraq digər türk dövlətləri hələ ki, buna tam hazır deyillər. Məhz bu zirvə görüşü də bu inteqrasiya prosesinin aydınlanmasına, münasibətlərin möhkəmlənməsinə xidmət edir.

“Türk Birliyinin yaranmasına zaman lazım olacaq. Çünki, qarşıda bu birlikdən çəkinən Avropa İttifaqı, Qərb, Rusiya, İran kimi dövlətlərin soyuq münasibətləri var. Əgər Türk Birliyi vahid bir orduya, gücə sahib olarsa, NATO-ya uyğun yeni bir alyans yarana bilər ki, bu da döyüşkən, dövlətlər, imperiyalar quran Türk dövlətlərinin daha da güclənməsidir. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri bu baryerləri aşmaq baxımından əhəmiyyətlidir”.