Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilir

10:18 31.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Hafta.az xəbər verir ki, Türkiyənin əksər əyalətlərində seçki məntəqələri yerli vaxtla saat 08.00-dan 17.00-a qədər açıq olacaq.

Ölkənin Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, 32 vilayətdə səsvermə müddəti saat 07.00-da başlayıb və 16.00-a qədər davam edəcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

Bu səsvermə ilə seçicilər şəhər və rayon bələdiyyələrinin sədrlərini, bələdiyyə məclis üzvlərini, məhəllə muxtarlarını və ağsaqqallar heyətlərini seçəcəklər.