Türkiyədəki səfirliyimiz “Azərbaycanı daha yaxından tanıyaq!” adlı layihəyə start verib

18:00 18.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən respublikamızın Müstəqillik günü və Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibətilə “Azərbaycanı daha yaxından tanıyaq!” adlı yeni bir layihəyə start verilib. Layihəyə əsasən Türkiyədə fəaliyyət göstərən universitet və məktəblərdə Azərbaycan otaqlarının yaradılması nəzərdə tutulur.

Hafta.az-ın yazdığına görə, Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbinin (Samsun Bafra Kolay Orta okulu) direktoru Faruk Akkurt Azərbaycan səfirliyinə müraciət edərək məktəbin kollektivinin və şagirdlərin ölkəmizi yaxından tanımaq arzusunu çatdırıb və bununla əlaqədar olaraq, ilk Azərbaycan otağı məhz Kolay kənd orta məktəbində yaradılıb.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov iştirak edib, qeyd edilən layihə barədə ətraflı məlumat verib.

Azərbaycan otağında qurulmuş məlumat stendlərində Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq ölkəmizdə dövlət quruculuğu, Ümummilli lider Heydər Əliyevin həyat yolu, mənalı fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu, Birinci vitse-prezident Mehriban Əliyevanın bir çox istiqamətlərdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyət, milli mədəniyyətimizə verdiyi töhfə, ölkəmizin qədim mədəniyyəti, tarixi şəxsiyyətlər və digər mövzularda geniş məlumat verilir.

Səfirliyin layihə çərçivəsində fəaliyyətinin davam etməsi nəzərdə tutulur.

Oxunma sayı 336